“Yeni il günü Türkan Şoray bayramımı təbrik edib, ünvanıma xoş sözlər söylədi…”

“Gəncəyə atılan raketlər evimin üstündən keçdiyi üçün qorxub şəkər xəstəliyinə tutuldum”

 

“İyun ayının 2-də 65 yaşım tamam oldu. Doğma Gəncəmdə də yubileyimi qeyd etmək istəyirdilər, rəhbərlik yüksək səviyyədə hazırlaşmışdı. Bakıda da yubileyimi keçirəcəkdim, hətta bacım Aybəniz xanım hər şeyi təşkil etmişdi. Hamı bu xoş günü ürəkdən arzulayırdı. Amma müharibəyə, şəhidlərə görə yubileyimi də yaddan çıxartdım, qeyd etmədim. Əhval-ruhiyyəm tamam pozuldu, ürəyim açılmadı ki, bu günü qeyd edim. Hal-hazırda  hazırlaşıram, “Göy-Göl” ansamblı ilə məşq edirik. Yubiley 1 il davam edir. İnşallah ki, növbəti doğum günümə qədər yubileyimi qeyd edəcəm. Əsas sağlamlığım imkan versin ki, sevənlərimin qarşısına çıxa bilim”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şahnaz Haşımova deyib.

“Hər bir insanın, ələxsus da sənətçilərin böyük, tükənməz arzuları olur. O arzular bəzən yerinə yetir, bəzən isə yetmir. Daha özüm üçün heç nə arzulamıram, heç nə istəmirəm. Can sağlığından başqa. Çünki bu gün səhhətim bir o qədər də yaxşı deyil, özümü toparlamağa çalışıram ki, ağrımayım. Allah səsimi əlimdən almasın, nə qədər ki, canımda can var gözəl səslə tamaşaçıların qarşısına çıxmaq istəyirəm. Ölkəmizə, xalqımıza firavanlıq, əmin-amanlıq, xoş günlər, can sağlığı arzulayıram. Çox arzulayıram ki, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar. Heç kim xəstələnməsin, sağlam yaşasın. Mən indi şəkər xəstəsiyəm. O vaxt Gəncəyə raket atanda onlar mənim evimin üstündən də uçdu. Demək ki, qorxmuşam, səhhətimə təsir edib” deyə sənətkar bildirib.

 

“Bacınız, dəyərli sənətkarımız, əməkdar artist Aybəniz Haşımova ilə niyə indiyə qədər bir duet yazıb, zapis etdirməmisiz?” sualına isə sənətkar belə cavab verib.

 

“Aybəniz xanımla konsertlərdə, toylarda muğam da, duet də oxumuşuq. Biz ikimiz duet oxuyanda tamaşaçıların ürəyi gedirdi. Amma oxuduğumuz duetləri studiyada yazdırmamışıq. Buna səbəb də bizim ayrı-ayrı ərazilərdə yaşamağımızdır. Mən Gəncədə yaşayıram, Aybəniz xanım isə Bakıda. Bu işləri görmək üçün gərək birlikdə olasan. Gedib məşq edəsən, hazırlayasan, yazdırasan” deyə sənətkar bildirib.

 

Şahnaz xanım Türkiyənin böyük sənətkarı, Türkan Şorayla telefon vasitəsilə bayramlaşdığını da bildirib.

 

“Ümumiyyətlə, türkiyəli sənətçiləri çox sevirəm. Hər zaman onları izləmişəm, filmləri ilə böyümüşəm. Yeni il günü türk dünyasının sultanı, böyük sənətkarı Türkan Şorayla danışdım. Bir-birimizi yeni il münasibəti ilə ürəkdən təbrik etdik. Mənə xoş arzularını bildirdi. Ünvanıma xoş sözlər söylədi. Bu mənim üçün çox böyük bir sevinc idi” deyə sənətkar bildirib.

Mənbə

Share: