Yevlaxın deputatı ermənilərlə görüşdən XƏBƏRSİZDİR

 

Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında Yevlaxda görüş keçirilməsi gözlənilir. Sosial şəbəkələrdə yayılan məlumat rəsmi şəkildə təsdiqlənməsə də, belə bir görüşün baş tutması istisna edilmir. Budəfəki görüşün üçüncü tərəfin iştirakı olmadan keçiriləcəyi bildirilir.

Maraqlıdır, görüşlə bağlı Yevlaxda hazırlıq işləri görülürmü?

Milli Məclisə 48 saylı Yevlax seçki dairəsindən seçilən deputat İlham Məmmədov Modern.az-a açıqlamasında ermənilərlə görüş barədə məlumatsız olduğunu deyib.

“Növbəti görüşün Yevlaxda keçirilməsi ilə bağlı məlumatım yoxdur. Mən də bununla bağlı məlumatı mətbuatdan oxumuşam. Əgər məqsədəuğyun olarsa, görüş Yevlaxda, yaxuda Bərdədə ola bilər. Mən hazırda Yevlaxdayam, amma burada görüş məsələsi müzakirə olunmur. Mən sadəcə mətbuatda oxumuşam, hələ rəsmi deyil”.

Fotoda: Yevlaxın deputatı İlham Məmmədov

Ermənilərlə martda təşkil olunan görüşə çağırılmadığına görə etirazını bildirən Xocalının deputatı Elman Məmmədov növbəti danışıqların Yevlaxda aparılacağından xəbərsiz olduğunu söyləyib.

“Yevlaxda görüşün keçirilmə ehtimalı barədə məlumatı mətbuatdan oxumuşam. Amma görüşlə bağlı rəsmi məlumat yoxdur və mənə hər hansı təklif gəlməyib”,- deyə o bildirib.

Xatırladaq ki, martın 1-də Xocalı şəhərində Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı Ramin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak ediblər.

Mənbə

Share: