Zərdabi bilsəydi belə olacaq..

147 il öncə – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Bu günə kimi yüzlərlə, minlərlə mətbu orqan fəaliyyət göstərib.
Əkinçidən sonra Mətbuatın parlaq və maraqlı dövrü isə meydan hadisələrindən ANS telekanalının bağlanmasına qədər olub. O vaxt insanların qəzetə və yazarlara böyük marağı və hörməti var idi .

“Iç xəbər” ən ucqar kəndlərdə olan problemləri təmənnasız olaraq çəkib paylaşırdı. Media məkanlarında peşəkar jurnalistlərin  moderatorluğu ilə ən yeni, yeni və köhnə tarixlər tam şəffalığı ilə müzakirə olunurdu. Sonra jurnalistikanın dəfni üçün tabutlar hazırlandı, jurnalistlər üçün isə lüks həyat.. O tabutlar cəmiyyətə yalanı, əxlaqsızlığı, yaltaqlığı, avtobus və cib jurnalistikasını, kabinet jurnalistikasını, selfi jurnalistikasını, restoran jurnalistikasını sırıdı, söyüş blogerlərini gətirdi.

Üç evi, bahalı maşını, isti kabineti olan yazar xalqın hiss etdiklərini necə yaza bilər? O hissi yaşamırsa, necə əsər yarada bilər?

O vaxt jurnalistin yazısına görə onu həbsə atsaydılar, ayağını qırsaydılar, hər şeyini  alıb hətta siqaret puluna möhtac qoysaydılar belə, o yazısını silməzdi və mövqeyini dəyişməzdi. Indi isə yazı silməyin qiyməti 50 manata düşüb, bəzən isə bir  zəngə..

O vaxt ölkədə nazir də, deputat, partiya lideri də, Prezident də tənqid olunurdu və bu normal hal sayılırdı. Indi isə heç kimi tənqid etmək olmur. Tənqid etsən trolları vasitəsilə təhqir və söyüşlərə məruz qalırsan. Indi ölkənin ən ali vəzifələrində olanlardan tutmuş müğənnisinə kimi xaricdən azərbaycan dilində ən pis söyüşlərlə söyülür və onların izlənmə sayı rekord qırır. Bunlar hamısı “media siyasətidir”.

Bayaq bir statusda “təyyarə jurnalistikası” ifadəsinə rast gəldim. Bu da yeni termindir.

Hökumət mediası, hökümət yönümlü media, hökümət yönümlü olmaq istəyən media, müxalifət mediası, müxalifət yönümlü media, cib mediası , avtobus mediası, kabinet mediası, həqiqi media. Zərdabi bilsəydi, belə olacaq, Əkinçini çıxarmazdı. “Kolxoz” qəzeti çıxarardı.

Qələminə hörmət edənlər , bayramınız mübarək !

Talıb Əhədov

Share: