Əlahiddə Ümumqoşun Orduda “Zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda növbəti “Zabit hazırlığı kursu”nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov məzunları təbrik edib və ölkəmizdə aparılan ordu quruculuğundan danışıb. Qeyd olunub ki, Vətən Müharibəsində qazanılan parlaq qələbədən sonra da ordumuzun döyüş hazırlığı və psixoloji səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığının artırılması, maddi-texniki bazanın inkişaf etdirilməsi diqqətdə saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev iyunun 23-də hərbi qulluqçuların qarşısında çıxışı zamanı demişdir ki: “Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”.

General-mayor Məhəmməd Həsənov ölkə başçısının diqqət və qayğısı sayəsində doğma Naxçıvanda da hərbi infrastrukturun müasirləşdirilməsi üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb və kursu uğurlar bitirən gənclərin hər zaman dövlət qayğısından bəhrələnərək vəzifələrinin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib.

Mərasimdə digər çıxış edənlər ixtisas hazırlığı kurslarının əhəmiyyətindən danışıb, məzunlara xidmətlərində uğurlar arzulayıblar.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı əmr mərasim iştirakçılarına çatdırılıb. Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub. Sonda xatirə şəkili çəkdirilib.

Mənbə

Share: