“10 mindən çox obyekt tikirlər, kinostudiyanı düzəltmirlər”

“Hamıdan küsmüşəm. 44 il səhnədə can qoydum, lakin birdən-birə unuduldum. Ona görə də hər kəsdən uzaqlaşdım”.

Bunu Milletinsesi.az-a müsahibəsində “Ovçu Pirim” kimi tanınan aktyor Allahverdi Yolçuyev deyib.

Müsahibəni təqdim edirik:

–  Allahverdi müəllim, uzun müddət olar ki, sizi efirlərdə görmürük. Bunun səbəbi nədir?

– Mən 3 ilə yaxındır ki, Parkinson xəstəliyindən əziyyət çəkirəm. Əlim əsir, danışmaqda çətinlik çəkirəm. Müalicə alıram. Ona görə də efirlərə çıxmıram, müsahibə də vermirəm. Birdən-birə unudulmağım mənə çox pis təsir edir. Mənəvi dəstək çox önəmlidir. Sağ olsunlar ki, bəzi vətəndaşlar məni yad edir, daim dəstək olurlar. Məni təmənnasız 7 aydır ki müalicə edirlər. Mənəvi dayaq olan insanda sinir problemi, depressiya olmur. Hiss edəndə ki, onun zəhməti, əziyyəti dövlət və aidiyyəti qurumlar tərəfindən qiymətləndirilir, o zaman əhvalı düzəlir. Kimsə kimisə düşünmək istəmir. Bu, ziyalı insana pis təsir edir. Adi vətəndaşlar mənə yaxınlaşır, xoş sözlər deyirlər. Bilavasitə bunlar da mənə stimul verir. Gələn il Azərbaycan teatrının 150 illik yubileyi olacaq. Yəqin ki, nəzərdən qaçmaram. Mənim yaşımda olan aktyorlar azalır. Özfəaliyyət ayaq tutub yeriyir. Teatr, kino məhv olur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişəm. Tələbələrim sırasında Əməkdar və Xalq artisti adını alanlar var. Allah canlarını sağ etsin. Onlar qədər mən də sevinmişəm. Sadəcə haqqımı tələb edirəm.

– Xəstə olduğunuzdan yəqin çoxları xəbərsizdir. Bu dönəmdə istedadlı aktyor olaraq, seriallara çəkilməyə dəvət almısınız?

– Sonuncu dəfə 3 il bundan öncə “Niyə” serialına çəkilmişəm. Dəvət olub. Televiziyalar tez-tez dəvət edirlər. Lakin verilişlərlə qarın doymur. Ödəniş yoxdur. Ömür ümumiyyətlə bir göz qırpımında keçir. Heç insanın xəbəri belə olmur. Bu dönəmdə heç bir dəvət gəlməyib. Unudulduğum aşıq-aşkar ortadadır. Mən səhnə, kinoya çəkilmək üçün darıxmışam. Heç dəvət belə etmirlər.

– Teatr fəaliyyəti ilə yanaşı, personajları da canlandırır, dublyajlarda iştirak edirdiniz. İndi hansı ilə məşğul olursunuz?

– Daha dublyajlara da dəvət almıram. Səhnədə də 3 il əvvəl yubileyim olanda tamaşa hazırlayıblar. “Öldürsənə məni, canikom” adlı tamaşada iştirak etdim. Kölgə tamaşası hazırlandı, ora çağırıldım. Öz sənətimlə məşğul oldum. Əhvalım yaxşı oldu. Lakin o da ötüb keçdi. Açığı hamıdan küsmüşdüm. Ucqar bir kənddə yaşamaq istəyirdim. Hər kəsdən uzağa qaçmağa can atıram. 22 il öncə televiziyada uşaq verilişi aparmışam. İndiki cavanların 90 faizi mənim nağıllarım ilə böyüyüblər. 20 ildən çox fəaliyyətim olub. Bu, mənim işimdi. Məşğul olmalıyam. Öyünürəm ki, gözəl balalara məhəbbət aşılamışam. Öyünürəm ki, həmin gözəl balalar 44 günlük Vətən müharibəsində döyüşüb qazi və ya şəhid oldular. Qarşılarında baş əyirəm. Vətənpərvər olmaq lazımdır. Düşünürəm ki, hər bir mədəniyyət işçisi, aktyor, musiqiçi və müğənni hara gedirsə, ölkəsini təmsil etməlidir. Azərbaycan teatrını dünyaya yüksək səviyyədə təqdim etmək lazımdır ki, beynəlxalq arenalarda yer alsın. Azərbaycanlılar çox istedadlıdırlar. Dünyaya Rəşid Behbudov kimi dahilər bəxş edən xalqın üzvüyük. Mənə elə gəlir ki, biz özümüz millətimizə və xalqımıza dəyər verməliyik.

– Allahverdi müəllim, serialların və kinoların bugünkü fəaliyyəti sizi qane edirmi?

– İzləyirəm. Bizdə istedadlı rejissor, operatorlar və kinoteatrlarda çalışan insanlar var. Təkcə aktyor, rejissor və operatorla iş bitmir. Qrimçi, işıqçı, montajçı gərək yaxşı olsun. Bizdə bir qədər bayağı mövzular çox yer alır. Təəssüf edirəm. Bizim filmlərimiz hind filmlərinə oxşayır. İnsanları ağlamaqla yox, düşünməklə, xoş və gözəl duyğularla tərbiyə etmək lazımdır. Problemlərdən biri də filmlərdə və tamaşalarda radio tamaşaların olmamasıdır. Bəzən gecələr tamaşaları dinləmək istəyirəm. Bir çox dahilərimizin səsini eşidəndə, gözəl radio tamaşalara qulaq asanda ləzzət alıram. Təəssüf ki, indi heç bir radioda, kanallarda bu ənənə davam etdirilmir. Radio tamaşaların öz gözəlliyi olur. Maşınla yol gedəndə qulaq asa bilərsən.

– Kinostudiyanın hazırkı vəziyyəti ilə yəqin ki tanışsınız. Bu, sizə necə təsir edir?

– Kinostudiya bağlıdır. Təmir edilmir. 10 mindən çox obyekt tikirlər, kinostudiyanı düzəltmirlər. Sanki yiyəsi yoxdur. Kinostudiya yenidən inşa edilməlidir. Dünya standartlarına uyğun olması üçün edilməlidir. Hər şeyə pul ayrılırsa, kinostudiyaya da olmalıdır. Seriallarda yaxşı aktyorlarımız var. Bizdə istedadlı aktyorlar var. Amma kadrlar azdır. Kino kollektiv bir sənayedir. Dünyaya çıxarılan sənayedir. Azərbaycan kinosunun da dəyərləri olmalıdır. Barmaqla 10 aktyor saysanız, böyük şeydir. Kino və teatrda boşluq yaranıb. Bu boşluğu doldurmaq üçün cavan kadrlarımıza kömək etmək lazımdır. Fitri istedadlı gənclərimiz var. Biz onları sıxışdırmışıq. Dəstək olmuruq.

– Dövrümüzdə ciddi mövzulu filmlərə o qədər də yer verilmir. Səbəb olaraq da komediya janrında olan filmlərin, kinoların daha çox izlənməsini göstərirlər. Buna münasibətiniz necədir?

– İnsanlar ağlamaqdan beziblər. Bu səbəbdən komediya janrına müraciət edirlər. Burada bütün janrlarda istifadə etmək lazımdır. Hamısı lazımdır. Janrların fərqi yoxdur. Sadəcə olaraq filmə və ya seriala baxarkən bundan sonra nə olacağını düşündürməliyik.

– Sponsorlar da bəzən ciddi mövzulu filmlərin çəkilməsinə yardım etmirlər. Ehtiyatla yanaşırlar. Niyə bu qədər çəkinirlər?

– Düşünür ki, kömək edərəm, sonra soruşarlar ki, pulu haradan almısan. Birdən yoxlayarlar. Biz həmişə pisi düşünürük. Yaxşıya baxmırıq. Əgər saf və ya təmizsənsə, korrupsiya yoxdursa, ehtiyat etməzlər.

Mənbə

Share: