15 yaşlı çapar: “At belinə minənin təcrübəli və ya təcrübəsiz olduğunu da anlayır”

“At sürməyə marağım, düşünürəm ki, nəsildən gəlir. Babam da, atam da çox gözəl at çapırlar. Mən isə dörd yaşımdan at belindəyəm. At çapmağı kiçik yaşlarımda atam öyrədib. Hazırda 15 yaşım var. Konkur idman növü ilə məşğul oluram və bu, idman növləri arasında öz risklərinə görə çətin sahələrdən biridir”.

 

Gülayın atası Vüsal Fərzəliyev Ağdam rayonunun Ətyeməzli kəndindəndir. Hazırda ailə ilə birlikdə Sumqayıt şəhərində yaşayır.

 

Moderator.az xəbər verir ki, Oxu.az-ın 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı hazırladığı müsahibənin baş qəhrəmanı 15 yaşlı Gülay Fərzəliyevadır.

– Gülay, çoxu səni doqquz yaşında Sumqayıt Dənizkənarı Bulvar ərazisində at üzərində riskli manevrlə edərkən tanıdı. İndi necə, buna davam edirsənmi?

 

– Doğrudur, 9-10 yaşlarımda dəniz kənarında atımla çox riskli manevrlər edirdim. Əvvəl dərsdən gəlirdim, həftənin üç günü atçılıq kurslarına gedirdim. Təxmini iki saat məşq edib qayıdırdım. Dərslərimə heç bir maneçilik yox idi. Məktəbdə sinif yoldaşlarım deyirdi ki, bizə də at çapmağı öyrət. Bu idman növü həm maraqlıdır, həm də təhlükəlidir. Hər axşam qardaşımla birlikdə at çapırıq. Bu çox zövqlüdür. Özümüzü filmlərdəki at çapan qəhrəmanlar kimi hiss edirik. 

 

– Sənə görə, maraqlı və təhlükəli tərəfləri hansılardır?

 

– Çox adam atlardan qorxur, amma qorxmaq lazım deyil. Mən 9 yaşımda fayton da sürmüşəm. atın cilovunu tutmaq böyük məharət və güc tələb edir. Atın məni yıxmasından qorxmuram, çünki qorxu ilk dəfə yıxılana qədərdir. Mən isə artıq bir neçə dəfə yıxılmışam. At çapmağa təzə başlayanda bir dəfə ingilis cins atından yıxılmışam, amma günah məndə deyildi. Dəniz qırağında atın ayağı büdrədi, yıxıldı. O zaman mən də yıxıldım. Mən hələ də öyrənirəm və gələcəkdə daha da professional at çapa bilmək üçün öz üzərimdə çalışıram.

 

– Sənə Qarabağ atı hədiyyə olunub, doğrudurmu?

 

– Bəli, həmin Qarabağ atına Sərəyim adını vermişəm. Atım mənə çox sadiqdir, sakit təbiətli atdır. Öz atımla da, Sərhədçi Atçılıq Mərkəzinin atları ilə də hər gün bir neçə saat məşğul oluram. Atlar nizam-intizamı və proqramlı işləməyi sevirlər. Bir gün məşq etməyəndə prosesləri unudurlar, tənbəlləşirlər.

– Doğrudur ki, at enerjini hiss edə bilir və insanları məhz bu səbəbdən ya özünə yaxın buraxır, ya da buraxmır?

 

– Məncə də elədir, enerji çox önəmlidir. Ümumiyyətlə, ata yaxınlaşmazdan öncə onun sahibindən at barədə məlumat almalısan. Atın xarakterini, təbiətini bilmədən ona yaxınlaşmaq risklidir. Minməyə çalışmaq isə ən böyük səhvlərdən biridir. At yeganə heyvandır ki, onun üzərindəki insanın təcrübəli və ya təcrübəsiz olduğunu dəqiq başa düşə bilir. Əgər at hiss etsə ki, siz təcrübəsizsiniz, sizi üstündən atacaq. Atlar çox eqoist və təkəbbürlü olurlar. Hər kəsin onların üzərinə çıxmasına icazə verməzlər.

 

Mən at qaçarkən, yeriyərkən belə ayağını səhv atmasını (atın addımı sağ çiyniüstə sağ ayaq, sol çiyniüstə isə sol ayaqla olmalıdır – red.) başa düşürəm. Yəhərindən tutmaqdan, ayaqların qoyuluşuna, oturuşa qədər doğru qamətdə olmalısınız. Atlar sahiblərinin qoxusuna da həssasdırlar. Öz sahibləri ilə qucaqlaşmağı sevirlər.

 

– Sənin kimi bu riskləri gözə alan daha 14 idmançı qız var, elə deyilmi? Bu idman növündə karyeranı çox erkən yaşda başlamısan. Özünə neçə yaşa qədər limit qoymusan?

 

– Əslində qızlar at sürməyi xoşlayırlar. Sadəcə qorxurlar. Öyrənmək üçün mənə belə müraciət edən qızlar da çoxdur. Sadəcə qızlar hər zaman baxımlı, gözəl olmağı xoşlayırlar. Bu idman növündə isə hər zaman gözəl olmaq mümkün deyil. Təsəvvür edin, mən saçlarımı fenləyirəm, at belindən düşəndə elə bilirəm ki davadan gəlirəm(gülürəm). Məsələn mənim burnum sınıb, əməliyyat etdirmirəm. Qızların çoxu isə bunu gözə ala bilmir.

– Sosial şəbəkələrdə ata təlim keçdiyinə dair videolara da rast gəldim. Artıq atlara özün təlim keçirsən?

 

– Bəli, yavaş-yavaş təlimləri də keçirəm. At ilə ünsiyyət qurub onu özümə tabe etməyə çalışıram. Elə atlar var ki, manejdə maneələr qurulanda qorxur. Elə atlar da var ki, bir dəfə dövrə vurduqdan sonra daha əzmlə qaçır və maneələri dəf edir. Atlara 4 yaşından sonra minmək lazımdır. Hazırda çəkiliş etdiyimiz bu atın 25 yaşı var, fransız atıdır. Yarışlarda çox böyük uğurlar qazanıb. Demək olar ki, 20 ildən çoxdur at buradadır və gəzmədiyi ölkə qalmayıb.

 

At qocaman olsa da, güclüdür. Amma bütün hallarda gənc atların təlimi daha rahat olur. Ortalama bir atın təlimlərə yatması üçün ən azı 1-2 il müddət lazımdır. Onunla xarakterinə uyğun davranmalısan. Elə at var o sığalla tərbiyə edilir, eləsi də var ki sərt davranmalısan ki tabe olsun. Hər biri ilə də dil tapmaq üçün özümü təcrübəli hesab edirəm. Çünki 4 yaşından at belindəyəm. Atçı ailəsindən dünyaya gəlmişəm və çoxlu, fərqli cinslərdə, xarakterlərdə atlarım olub.

– Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti, general-polkovnik Elçin Quliyev də sənin atçapma bacarığını görüb və sənin atçılıq idmanı ilə məşğul olmağın üçün zəruri olan süvari geyimi ilə təmin edilməsi üzrə tapşırıq verib. Uğurlarınla generalın diqqətini çəkə biləcəyini düşünürdünmü?

 

– Təbii ki, mən heç ağlıma da gətirməzdim ki, kiçik yaşlarımdan 10 milyonluq Azərbaycan xalqı tərəfindən belə seviləcəyəm. Xüsusilə də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin mənimlə maraqlanması çox qürurverici idi. Atamla bizi qəbul etdi və mənə uğurlar arzuladı. Bu idman növünə marağımı görüb bildirdi ki, özümü daha da inkişaf etdirməyim üçün Atçılıq Federasiyasının, eləcə də Sərhədçi Atçılıq Mərkəzinin imkanlarından istifadə edə bilərəm. Ona çox təşəkkür edirəm.

– Hazırda 15 yaşlı Gülay konkur idman növündə özünə rəqib görürmü?

 

– Düzünü desəm, xeyr. Heç mənim at belində fəndlər edə bilən rəqibim də yoxdur. Düzdür, konkur idman növü ilə məşğul olmağa başladıqdan sonra daha fəndlər etmirəm. Çünki travma ala bilərəm. Amma yarışlarda da özümə rəqib görmürəm.

 

– Səni 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Özünə ən böyük arzun nədir?

 

– Ən böyük arzularımdan biri Qarabağ atımın olması idi, gerçəkləşdi. Növbəti arzum isə tezliklə xarici ölkələrdə konkur idman növü üzrə yarışlarda iştirak etməkdir. Azərbaycanı təmsil edərək dünya ölkələri arasında birinci yerə çıxmaqdır.

 

Abşeron rayonunun Novxanı kəndindəki Sərhədçi Atçılıq Mərkəzinin açıq manejində keçirilən konkur yarışlarında Cera-59 adlı atla beşinci yeri tutmuşdum. Ölkədaxili yarışlarda iştirak etmişəm və müxtəlif mükafatlara layiq görülmüşəm. Bu ilin iyun ayında da bir yarışımız gözlənilir, ona hazırlaşıram. Həftənin beş günü intensiv məşqlər edirəm. İki günü isə özümə istirahət verirəm, yarışlara hazırlıq zamanı isə bütün həftəni burada məşq edirəm. Atları sevdiyim üçün heç yorulmuram, bu işdən enerji alıram.

 

Mənbə

Share: