İllər öncə Xankəndi səmalarında tank toplarının səsi eşidilirdi. Bu gün isə həmin səsləri o cümlədən futbol toplarının qapı toruna toxunuşu və azarkeşlərin nidaları əvəz edir.
Dünən, 19 noyabr Xankəndinin idman tarixinə yadda qalacaq önəmli günlərdən biri kimi düşdü. Yerli “Xankəndi” ilə “Karvan-Yevlax” futbol matçında üz-üzə gəldi.
Bu oyuna xüsusi əhəmiyyəti qatan onun yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol matçı olması idi.
Altı il öncə xalqımızın doğma torpaqlarına qovuşduğu kimi, həmin gündən başlayaraq futbolumuz və idmanımız da öz doğma yurduna, Qarabağa qovuşdu.
Dünən Xankəndidə sadəcə futbol oyunu keçirilmədi, həm də bir şəhərə dönüşün, bir nəslin öz tarixini canlı yaşamasının şahidi olduq.

İllərdir dərsliklərdən Xankəndinin işğalı haqqında oxuyan balaca futbol azarkeşləri indi gənc nəslin nümayəndələri olaraq həyatlarında ilk dəfə Xankəndinə səfər oyununa getdilər.
Bəlkə də, indi, isti başla o günün tarixi əhəmiyyətinin tam fərqində olmadılar. Amma illər sonra nəvələri əllərindəki tarixi yazılarla “Baba, nənə, bax! Tribunadakı sənsən!” – deyib, qaça-qaça onların qucaqlarına atılacaqlar.
Şəklin üzərində isə bu sözlər yazılacaq:
“Dünən əsgər marşı, bu gün azarkeş nidası…”


