“2-ci Qarabağ müharibəsindən sonra ağlamamağı özümə söz verdim…”

“Deyirdim ki, eybi yoxdur, qoy yoldaşımın bir qıçı, qolu olmasın, amma qızlarımın üstündə adı olsun…”

 

“3 qızımız var idi, atalarını o qədər çox istəyirdilər ki. Hadisələr başlayanda Aslan tez-tez meydana gedirdi. Bəzən uşaqları da qucağımda aparıb, mən də onunla birlikdə gedirdim. Həmin günü işdə idi. Evə gəlib dedi ki, ürəyimə damıb ki, nəsə olacaq. Evdən çıxıb getdi. Qaynatam çıxıb Aslanı axtarmağa getdi. Bir neçə saatdan sonra Aslan qayıdıb gəldi. Çox narahat və qəmli idi. Çox keçmədi ki, yenidən yığışıb getdi. Qaynanamla çölə çıxdım, camaatın qaçdığını gördük. Səslər eşidirdik. Biri deyirdi ki, qardaşımı öldürdülər, biri deyirdi ki, atamı öldürdülər. Aslanı axtarırdıq, amma yox idi. Gəlib çıxmırdı. Sən demə o artıq yaralanmışdı”.

 

Bunu Moderator.az-a açıqlamasında 20 yanvar şəhidi Aslan Ağaverdiyevin həyat yoldaşı Zərifə Ağaverdiyeva deyib. 

“Səhər saat 7 olardı ki, evə zəng gəldi. Soruşdular ki, Aslangilin evləridir? Dedim ki, bəli. Dedi ki, Aslan yüngül yaralanıb, mümkündürsə Semaşko xəstəxanasına gəlin. Qaynanam, qaynatam və mən xəstəxanaya getdik. Həkimlər bizə demişdi ki, ayağından yüngül yaralanıb, gedib gördük ki, mədəsindən ağız zədə alıb. Güllə mədəsini deşmişdi. Bir güllə yarası onun bütün daxili orqanlarının hamısını sıradan çıxarmışdı. Həkimlər danışırdı ki, o gecə işıqlar söndüyünə görə şam işığında, qəzet alovunun işığında onu əməliyyat ediblər. Ondan soruşublar ki, bizə bir nişanə ver, heç olmasa ev telefonunu de. Hər rəqəmi deyəndən sonra deyib ki, 3 qızım var. Gedib mən də onunla görüşdüm. Dedi ki, gedin, görmürsünüz atırlar?! Uşaqlar gəlməsin, atarlar, uşaqlar qalar. Öz-özünə danışırdı. Çox keçmədi ki, Aslan gözlərini bu həyata əbədi bağladı. Hamı qışqırırdı, hay-küy salırdı, təkcə mən boynu bükük şəkildə gəlib Şəbnəmlə Məsməni qucaqlayıb dedim ki, daha bizim atamız yoxdur. Övladlarımı böyük əziyyətlərlə, ən əsası da Aslanın adına layiq böyüdüb, onlara savad verdim” deyə Zərifə Ağaverdiyeva deyib.

 

Zərifə Ağaverdiyeva bildirib ki, 2-ci Qarabağ müharibəsindən sonra ağlamamağı özünə söz verib.

“Aslanı itirəndən sonra həyatdan küsmüşdüm. Pedaqoji fəaliyyətlə məşğul olduğum məktəbdə Tamilla adında müəllimə var idi. Biz onunla dərslərimizi bölürdük. Allah ona rəhmət etsin. Məni otağına çağırıb dedi ki, sən neynirsən?! Bunlar qız uşaqlarıdır, sən gərək mətin olasan, onların arxasında durasan. O qadına mən hər zaman rəhmət oxuyuram! Deyirdim ki, eybi yoxdur, qoy yoldaşımın bir qıçı, qolu olmasın, şikəst olsun, amma qızlarımın üstündə adı olsun. Ata adı başqa bir şeydir. 20 yanvar şəhidləri azadlıq toxumunu səpən ilk qaranquşlar idi. 44 günlük Qarabağ müharibəsində biz bütün şəhidlərimizin qisasını aldıq. 2-ci Qarabağ müharibəsindən sonra özümə söz verdim ki, daha ağlamayacam” deyə Zərifə Ağaverdiyeva bildirib.

Qeyd edək ki, Aslan Ağaverdiyev əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktrisası Məsmə Aslanqızının atasıdır.

Mənbə

Share: