Orta məktəblər nə üçündür?

Hər gün hazırlıq kurslarının reklamlarını verirlər. Oranı oxuyanların yüksək balla ali məktəbə qəbul olmalarını əldə bayraq edərək insanları kurslara pul xərcləməyə səsləyirlər. Düz edirlər, haqları da var.

Həqiqət də odur ki, hazırlıq kursuna və fədi repititor yanına getməyən şagirlərin tələbə adını qazanma şansı sıfırdır. Ətrafımda indiyə qədər tanıdığım dostlarımızın ali məktəbə girən ovladlarının hamısı fərdi hazırlıq hesabına tələbə adını qazanıb. Kim mənə fərdi hazırlıq kursu keçməyən, lakin yüksək balla ali məktəbə qəbul olunan abituriyent göstərə bilər? Bilməz! Çünki yoxdur.. Olsa da 10 min nəfərdən bir olar..

Mən demirəm ki, orta məktəblərdə savadlı müəllimlər yoxdur.. Var..

Hər zaman məktəblərdə savadlı və savadsız müəllimlər olub. Test usulu olmamışdan əvvəl iki-üç dana satıb teknikum və kolleclərdə müəllim adını satın alanlar var idi. Onlar indiyə kimi də orta məktəblərdə elmə və gələcəyimizə mənəfi “terror” etməkdə davam edirlər. Həmin müəllimlərlə eyni dərsi deyib, eyni əmək haqqı alan savadlı müəllimlərimiz də var.. Bəlkə də  onlardan az əmək haqları alırlar. Lakin onlar tədrisdən bu və ya digər şəkildə yayınırlar ki, şagirdlər onların yanına fərdi hazırlığa getsinlər.

Fikir verin; hər ev, hər küçə və məktəblərin sinif otaqları dərsdən sonra “kiçik məktəblərə” çevrilir. Bəs görəsən orta məktəblər nə üçündür? Dövlət tərəfindən bütün ehtiyacları ödənilən, yeni üslubdə tikilən binalarda keçirilən iclasların məqsədi nədir? O məktəblər ona görə tikilməyib ki, orada müəllimlər onların yanına hazırlığa getməyən şagirləri gözüm-çixdıya salsınlar. O məktəblər ona görə tikilməyib ki, valideynlər həmin məktəblərə uşaqları getməsinlər deyə xahiş, minnət  hesabına  kurslara və fərdi hazırlıq müəllimlərinin yanına getmək üçün vaxt qazansınlar.

Görün nə gündəyik ki, orta məktəbin birinci sinfinə gedən uşağı özümüz hazırlatdırıb qəbul elətdiririk, səkkizinci sinfdə görürük ki, uşaq məhv olub və yenə çıxarıb kurslara qoyuruq. Yaxud da fərdi hazırlığa.. Ali məktəbə girəndə də orta məktəblər və Təhsil nazirliyi fəxrlə qəbul olanları öz adlarına çıxırlar. Əfəndilər, onlar valideynlərin pulu və şagirdlərin əzabı hesabınadır. Uşaq tanıyıram ki,  səhər saat altıda evdən çıxıb, axşam səkkizdə evə qayıdırdı. Çünki fərdi hazırlığa getdiyi müəllimlərinin  hərəsi bir tərəffdə idi. Əgər orta məktəbdə təhsilin  yüksək səviyyədə tədrisinə nail olunsa nə şagidrlər yollarda qalar, nə də valideynlər əlavə xərcə düşər..

Uşaq dünyaya gələndə doğum evində soyurlar. Bir az böyüdü bağçada, sonra orta məktəbdə, daha sonra isə ali məktəbdə..Bitirəndən sonra da  qapı-qapı düşüb iş dilənirsən. Bu nə sistemdi? Nə biabırçılıqdı? Cənab Əli Əhmədov deyir ki, uşaq pulu verib uşaqları ələ öyrətməyək.. Əgər müəllimlərimizi, həkimlərimizi, məmurlarımızı ələ öyrətmişiksə, uşaqlarımızı niyə kənarda saxlayaq?

 

Talıb Əhədov

Milletinsesi.az

Share: