Bu gün Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı, filologiya elmləri namizədi, Azərbaycanın Xalq yazıçısı, M.F.Axundov adına ədəbi mükafat laureatı İsmayıl Şıxlının anım günüdür.
Milletinsesi.az xəbər verir ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil alıb.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub.
“Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991). İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub.
Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilib.
Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini alıb.
1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab edilir. Yazıçının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.
Prezident İlham Əliyevin 2019-cu il yanvarın 28-də imzaladığı Sərəncamla görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.
Dövlət başçısının yazıçının 100 illiyi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq edilib.
Bu ilin mayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında İsmayıl Şıxlının yubileyinə həsr olunmuş təntənəli gecə gerçəkləşib.
Tədbirlər planında Azərbaycan Respublikasının Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə İsmayıl Şıxlının yubileyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi də yer alıb.