“Ruslar hər vəchlə sübut etməyə çalışırlar ki, Ağdam yolundan istifadə etmək doğru deyil…”

 

“Azərbaycan tərəfi hələ 10 noyabr bəyanatından az sonra tələb edirdi ki, Rusiya sülhməramlılarının təminatı Azərbaycan ərazisindən həyata keçirilsin. Lakin o dövrdə infrastruktur lazımi çəkildə bərpa olunmadığından bu məsələ təxirə salındı…”

“Son iki həftəyə yaxın müddətdə gündəmi zəbt etmiş Xankəndində “acından ölən” ermənilərə göndərilməli olan guya yalnız humanitar yüklə dolu TIR-ların Ermənistan-Azərbaycan sərhədindəki “Laçın” sərhəd-buraxılış məntəqəsinə dirənməsi oyununu, görəsən, hansı güclər qurub və burada məqsəd nədir? Bu olayın sonluğu necə görünür?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:

“Ermənilərin “humanitar yardım” şousundan məqsəd bəllidir.Və burada iki mövzu var. Bir mövzu ermənilərə aiddir. İkinci mövzu isə sülhməramlılara… Bəs hansı mənada?  Yadınızdadırsa, hələ 2020-ci ilin 44 günlük savaşından sonra Prezident tərəfindən belə bir açıqlama verilmişdi ki,  Ermənistanda yerləşən hərbi qüvvələrin Qarabağa sülhməramlı qismində gətirilməsinin əleyhinəyik. Və bunun nəticəsində Qarabağa Orenburqdan sülhməramlı briqadanın hərbçiləri gətirildi. Digər tərəfdən, Azərbaycan tərəfi tələb edirdi ki, Rusiya sülhməramlılarının təminatı Azərbaycan ərazisindən həyata keçirilsin. Lakin o dövrdə infrastruktur lazımi çəkildə bərpa olunmadığından bu məsələ təxirə salındı. İndi isə mən belə başa düşürəm ki, Azərbaycan yenə də tələb edir ki, həm Rusiya kontingentinin, həm də gərək olanda erməni əhalinin təminatı Ağdam-Əsgəran-Xocalı-Xankəndi yoluyla həyata keçirilsin. Bildiyiniz kimi, sovet dövründən Ağdam-Xankəndi dəmir yolu da mövcud olub; onu da qısa müddətdə bərpa etmək mümkündür. Amma Moskva bunların əleyhinədir.. Çünki başa düşürlər ki, əgər təminat tam şəkildə Azərbaycan ərazisindən həyata keçirilsə, deməli, Bakının Qarabağa təsir imkanları daha çox olacaq. Bu, bəllidir…”

“Biz görürük ki, Ermənistanla sərhəddəki “humanitar karvan” təxribatında da ən fəal rollardan birini oynayan elə Rusiyadır. Onun səfiri də gəlib sərhəddə “Laçın” postu yaxınlığındakı karvanı müşahidə edir. Yəni ruslar hər vəchlə sübut etməyə çalışırlar ki, Ağdam yolundan istifadə etmək doğru deyil. Və bu məsələ ermənilərin də maraqlarıyla üst-üstə düşür.  Çünki onlar da fikirləşirlər ki,  guya Azərbaycan Laçından dəhliz vermək üçün öhdəlik götürüb. Və s.  Yəni məsələ bundan ibarətdir. Amma həmişə olduğu kimi, bu məsələdən də müxtəlif qüvvələr öz maraqlarına uyğun istifadə edirlər… Və bu son “TIR teatrı” səhnəsində bir məntiqsiz məsələ də var. Bu da ondan ibarətdr ki, “blokada”dan, “aclıq”dan dəm vuran ermənilər Ağdam-Əsgəran yolunu bağlayıblar. Yəni Əsgəranın, Xankəndinin ərzaqla təmin edilmək şansı olan yolu Azərbaycan yox, ermənilər özləri bağlayır. Belə məsələlərə görə son “humanitar”karvan şousu da  qeyri-məntiqi bir aksiyadır və əminəm ki, onun heç bir nəticəsi olmayacaq”-deyə sabiq baş diplomat vurğulayıb.

Sultan Laçın

 

Share: