ABŞ Avstraliyadakı sınaq poliqonunda Hipersəs Hücum Qanadlı Raketinin (HACM) ilk uçuş sınağını həyata keçirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) portalı məlumat yayıb.
Saytın məlumatına əsasən, “Raytheon” şirkəti tərəfindən avstraliyalı mütəxəssislərlə əməkdaşlıq çərçivəsində hazırlanmış ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bu hipersəs raketi nəhayət ki, uçuş sınaqları mərhələsinə qədəm qoyub. İndiyədək Avstraliyadakı “Woomera” sınaq poliqonunda azı bir sınaq keçirilib.
Sayt bildirir ki, HACM proqramı ciddi gecikmələrlə üzləşib və ABŞ Hərbi Hava Qüvvələri qrafikə uyğunluğu təmin etmək məqsədilə sınaqların ümumi həcmini azaltmaqla riskli bir addım atıb. TWZ-yə görə, qarşıya qoyulan məqsəd “sürətli şəkildə silahlanmaya qəbul prosesinə başlamaq və 2027-ci maliyyə ilində HACM-ləri tədarük etməkdir”.
ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, HACM sınaqları uzaq mənzilli zərbə imkanlarını təkmilləşdirmək istiqamətində davamlı birgə iş çərçivəsində həyata keçirilib. O, sınaqların konkret nə vaxt keçirildiyini açıqlamayıb.


