Taksilərin qiymətləri fantastik həddə çatacaq?

Taksi fəaliyyəti ilə bağlı qanunvericilikdə edilən dəyişikliklərdən sonra vətəndaşları bir sual maraqlandırır. Görəsən, taksi xidmətlərinin qiyməti artacaqmı? Artacaqsa, hansı qiymət aralığında dəyişəcək? 

 

Mövzu ilə bağılı millət vəkili Naqif Həmzəyev Moderator.az-a danışdı.

 

 

Onun sözlərinə görə, ən çox müzakirə edilən məsələlərdən biri məhz taksilərin xidmətinin tənzimlənməsi ilə əlaqədardır: “Bakıda taksi sayı tələbatdan qat-qat çoxdur. Ən böyük problem isə ondan ibarətdir ki, bəzi taksilər xidmət səviyyəsinin kriteriyalarından qat-qat aşağıdır. Xüsusilə də köhnə avtomobillərdən istifadə edilir, çox vaxt təhlükəsizlik qaydalarına əməl edilmir, müştərilərlə taksi sürücüləri arasında məhz elə bu səbəbdən narazılıqlar yaranır. Bəzən sürücülər avtomobili təhlükəli idarə edirlər. Bu, həm tıxacların baş verməsinə səbəb olur, həm də bizim vətəndaşlar istər-istəməz bu xidmətdən narazıdırlar. Bu baxımdan, aidiyyəti qurumlar tərəfindən taksilərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı müəyyən qaydalar qəbul edilib. Bu qaydalara mərhələli şəkildə keçid təmin ediləcəkdir”.

 

Millət vəkili əlavə edib ki, əvvəlki dövlərdən fərqli olaraq indi taksi xidməti göstərən şəxslər xüsusi sertifikatlar alacaqlar, onlar müəyyən kurslar keçəcəklər: “Dünyanın hər yerində taksi xidməti göstərmək elə də asan iş deyil. Beynəlxalq təcrübəni nəzərdən keçirsəniz, görərsiniz ki taksi kimi fəaliyyət göstərmək üçün bizdə tətbiq edilən qaydalardan qat-qat artıq daha sərt imtahanlar tələb edilir. Düşünürəm ki, Azərbaycandakı qaydalar digər dövlətlərlə müqayisədə daha liberaldır. İnanıram ki mərhələli şəkildə bizim sürücülərimiz daha çox məlumatlı olacaq. Daha yüksək səviyyədə xidmət göstərmək mümkün olacaqdır. Həqiqətən də saz vəziyyətdə olan, vətəndaşların minimum tələblərini qarşılaya biləcək təmiz avtomobillər bu xidmətləri göstərəcək. Yalnız burada avtomobillərin rəngləri ilə bağlı qəbul eilmiş qərarda, təbii ki, problemlər ola bilər. Bəzi avtomobillər və taksi xidməti göstərən şirkətlər var ki, onların avtomobilləri yaxşı vəziyyətdədir, keyfiyyətli xidmət göstərirlər. Amma avtomobillərin rənglərinə görə müəyyən çətinliklər yaşayacaqlar. Düşünürəm ki, həll yolları tapılmalıdır. Taksi xidməti göstərəm şəxslərin gəlirləri əvvəlki dövrlə müqayisədə artacaq. Çalışmalıyıq ki, taksi  xidməti göstərən şəxslər və şirkətlər arasındakı sağlam rəqabəti  qoruyaq.  Belə olacağı təqdirdə sürücülərin hüquqları qorunacaq. Burda əlavə problem də var – taksilərin sayı azalacağı təqdirdə taksi xidməti göstərən bu şirkətlərin qiymətlərində də artımlar ola bilər. Bu da bizim vətəndaşları narahat edən və düşündürən məqamlarda biridir. Çalışmalıyıq ki, qiymət siyasəti də ədaləti olaraq həyata keçirilsin. Birdən-birə fantastik qiymətlər ortaya çıxmasın”.

Mənbə

Share: