Çobanlar İŞİD-in xəzinəsini tapdılar

İraq çobanları səhrada İŞİD terror təşkilatının xəzinəsini aşkar ediblər.

“Mirror” nəşrinin yazdığına görə, bu haqda İŞİD-in öldürülmüş başçısı Əbubəkr Əl-Bağdadinin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Əli Sajet bildirib.

Onun sözlərinə görə, gizli yerdə ümumi dəyəri 25,7 milyon ABŞ dollar olan pul, qızıl və gümüş saxlanılırdı. Sajet iddia edir ki, yerin planının olmasına baxmayaraq, İŞİD-çilər gizli yeri itiriblər, amma sonra onu çobanlar tapıblar.

“Al Arabiya” telekanalı bildirib ki, Sajet Bağdadinin Suriyanın İdlib vilayətində hərbi əməliyyatın gedişatında öldürülməsindən sonra İraq kəşfiyyatı tərəfindən tutulub. Sajet kanala verdiyi müsahibədə bu xəzinədən danışıb və dəqiqləşdirib ki, onu İraqın Anbar əyalətinin səhrasında tapıblar.

Əyalət Suriya, İordaniya və Səudiyyə Ərəbistanı ilə həmsərhəddir və burada sünni ərəb əhalisi üstünlük təşkil edir. Əyalətin əhəmiyyətli hissəsi 2014-cü ildə İŞİD tərəfindən tutulmuşdu. Bu ərazi Suriya və İraqın qalan hissəsində İŞİD-in məğlub edilməsindən sonra döyüşçülərin əsas sığınacaqlarından birinə çevrilmişdi./publika.az

Share: