Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirildi

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Milletinsesi.az-a bildiriblər ki, iclası giriş sözü ilə açan sədr Anar Bağırov qurumun fəaliyyəti, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişi barədə məlumat verib.

İclasda “Vəkillərə (müdafiəçilərə) dövlət hesabına göstərilən hüquqi yardım haqqının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat” layihəsinin ilkin müzakirəsi keçirilib, habelə vəkillərin futbol liqasının Əsasnaməsi təsdiqlənib.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçməsi, bir neçə vəkilin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Bundan başqa, Balakən və Qazax rayonlarında vəkil bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar qəbul olunub.

İclasda, həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiqlənib. Həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən cari məsələlər müzakirə olunub.

 

Share: