Yetim malını yeyənləri nə gözləyir?

Məsumlarımızın (ə) nəzərinə görə, yetim malını yemək – kəbirə günahlardandır. O günahlardandır ki, Allah onun üçün atəş vədəsi vermişdir.

“Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar”. (“Nisa” 10).

Bu ayədən belə nəticəyə gəlmək olur ki, əməllərimizin zahiri olduğu kimi, daxili də vardır. Daxili başqa bir dünyada təcəlli edəcəkdir.

Bu ayə buyurur ki, o kəslər ki, yetim malını yeyirlər – baxmayaraq ki, əməlin zahirində ləziz yeməklər yeyirlər – ancaq bu əməlin həqiqi görünüşü odur ki, əslində atəş yeyirlər. Bu atəş Qiyamət günü aşkar olacaqdır.

İmanlı insan, bu əməlin nə qədər qorxulu bir əməl olduğunu dərk etməlidir. Hansı aqil insan öz əli ilə atəşi qarnına doldurar? Ona görə də mümkün deyildir ki, imanlı insan belə bir günah etsin.

Bir nəfər İmam Sadiqə (ə) sual verir ki, bu atəş vədəsi yetim malının nə qədər miqdarını qəsb etməyə aid edilir. Həzrət (ə) buyurur: “2 dirhəm qarşılığında”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bir dəstə məhşur olacaqdır, o halda ki, atəş şöləsi ağızlarından çıxacaqdır”.

Soruşurlar ki, bu insanlar kimdirlər?

Həzrət (s) buyurur: “O kəslər ki, zülm üzündən yetim malını yeyərlər”.

Share: