Milli Məclisin deputatı Şahin Seyidzadənin mandatından imtina ilə bağlı ərizəsi Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisdəki mənbə məlumat verib.
Qeyd edək ki, bu il martın 3-də Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.
Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.