“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə TTİ üzrə direktor müavini, əməkdar müəllim Minayə Nəbbaqinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin xarici siyasəti ” mövzusunda keçirilmiş tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Bərdə RİHB Aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanda Heydər Əliyev irsinin öyrənilməsindən danışarkən onun xarici siyasətinin istiqamətləri, dövlət üçün əhəmiyyəti və nəticələrindən danışmışdır.
Daha sonra Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru Teymur Həmidov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etməsi, xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklərə səbəb olduğunu xüsusi olaraq vurğulamışdır.
Şəhər 5 nömrəli məktəbin tarix müəllimi Minayə Nəbbaqi məruzə edərək müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin Ulu Öndər siyasətinin bariz nümunəsi olduğunu, dövlətimizin xarici siyasətində ən mühüm məqamlara toxunaraq Azərbaycan-Türkiyə əlaqələri haqqında fikirlər səsləndirmişdir. O, qeyd etmişdir ki , müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.
YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov, rayon Gİİ- nin baş məsləhətçisi Fidan Nəsirli, şəhər 5 nömrəli məktəbin tarix müəllimləri Zərifə Məmmədova, Aynur Baxşəliyeva, Ulu Öndər Heydər Əliyevin mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə elmi olaraq əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirməsinin əhəmiyyəti haqqında fikirlər səsləndirmişlər.Tədbirdə həmçinin Bərdə regional “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllüləri iştirak etmişlər.
Tədbir diskussiya şəraitində davam etmişdir.