“Naxçıvanda filial açmaq istəyən bank olarsa, onların müraciətinə baxılacaq”.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
AMB-dən APA-ya verilən məlumatda qeyd ediblər ki, qanuna əsasən, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən filialın açılmasına icazənin verilməsi Bankın səlahiyyətli orqanının qərarı və müraciəti əsasında həyata keçirilir.
“Bu il noyabr ayının sonuna Naxçıvan Muxtar Respublikasında 7 bankın 18 filialı, 1 şöbəsi və 2 mübadilə şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazisində 2 bank olmayan kredit təşkilatının filialı fəaliyyət göstərir (“Aqrarkredit” QSC BOKT və MM “FİNCA Azərbaycan” Qeyri-bank kredit təşkilatı). 2022-ci ildə 2 yeni bank filialı açılıb. Müraciət olunarsa, qanunvericiliyə uyğun olaraq baxılacaq”,- deyə AMB-dən əlavə ediblər.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev açıqlamasında Naxçıvanda yeni bank filiallarının artmasının səbəbini bölgələrdə iqtisadi aktivliklə əlaqələndirmişdi.