Ötən gün Marneulinin Daştəpə kəndində polislə vətəndaşlar arasında baş vermiş insidentlə əlaqədar 3 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) bəyanatında bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarına hücumla əlaqədar 3 nəfər – 2003-cü il təvəllüdlü şəxslər A.B və Q.O., 2002-ci il təvəllüdlü E.K isti izlərlə saxlanılıb. Məlumatda bildirilib ki, bu il aprelin 12-də A.B. Marneuli-Sadaxlı yolunda içkili vəziyyətdə idarə etdiyi avtomobili ilə qəza vəziyyətinə səbəb olub. Bundan sonra polis əməkdaşları ona dayan əmri verib, lakin sürücü polisin tələbinə tabe olmayaraq Marneulinin kəndlərindən biri (Daştəpə) istiqamətində hərəkəti davam etdirib. Qeyd olunub ki, polisdən qaçmağa çalışan sürücü idarəetməni itirərək maşını aşırıb.
Qeyd olunub ki, avtomobildə olan sərnişinlər Q.O.və E.K. daha sonra polis əməkdaşlarını şifahi və fiziki şəkildə təhqir edərək DİN-in balansındakı avtomobili zədələyiblər. Vurğulanıb ki, insident zamanı əraziyə gələn yerli sakinlərdən bəziləri polisin hər üç şəxsi saxlamasına mane olublar və onları ərazidən uzaqlaşdıraraq gizlədiblər. Lakin əməliyyat axtarış tədbirləri nəticəsində ittiham edilən sürücü və onun hər iki sərnişininin yeri müəyyənləşdirilib və onlar həbs ediliblər.
Əlavə olunub ki, polis əməkdaşlarına hücumla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə cinayət işi açılıb və iş üzrə 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.