Atası azərbaycanlı olan general yenidən Xankəndində “vəzifə”yə gətirilir?..-“Hraparak”

Xankəndindəki “siyasi dairələr” iddia edir ki, 2020-ci il mayın 29-da  Azərbaycan torpağındakı seapartçı-terrorçu rejimin qondarma “milli təhlükəsizlik xidməti”nin  qanunsuz direktoru vəzifəsinə təyin edilən və II Qarabağ müharibəsindən sonra bu vəzifəsindən azad edilən general-mayor Kamo Ağacanyan yenidən Xankəndində güc strukturlarından birinə rəhbər təyin oluna bilər. Söhbət polis rəisi və Milli Təhlükəsizlik Xidmətinin direktorunun vəzifələrindən gedir.

 

Moderator.az xəbər verir ki, bu haqda ““Hraparak” qəzeti  məlumat yayıb.

 

Erməni nəşri vurğulayır ki, mətbuatda dərc olunan məlumatlara görə, Kamo Ağacanyan azərbaycanlı köklərə malikdir. “1990-cı illərdə ailə iki hissəyə ayrılıb; atası Azərbaycana gedib, anası oğlunun yanında Qarabağda qalıb. Ağacanyanın atasının evi Hadrut rayonunun(Xocavənd-S.L.) Uxtadzor (azərbaycanca Edilli) kəndindədir. 30 il öncə azərbaycanlı kökləri ilə bağlı jurnalistlərə deyibmiş ki, Kamonun atası Kərimovdur, arvadının Kərimovdan uşaqları var, bəzilərinin adı türkcədir. 90-cı illərdən sonra bütün adlar dəyişdirilib, Kərimovlar Ağacanyan olublar”- erməni nəşri yazır.

 

 

“Bu və ya digər şəkildə, Azərbaycan kökləri olan Ağacanyanın milli təhlükəsizlik xidmətinin direktoru vəzifəsinə təyin edilməsi, xüsusən 44 günlük müharibədən və Artsaxın 75 faizinin Azərbaycana verilməsindən sonra müxtəlif müzakirələrə səbəb oldu. Bəziləri bu təyinatın təsadüfi olmadığına inanırdılar.

 

İndi də Ağacanyanın dövlət aparatına mümkün qayıdışı xəbəri həm Artsaxın siyasi və ictimai dairələrində, həm də sadə vətəndaşlar arasında narahatlıq doğurur, çünki insanlarda Nikol Paşinyanın Qarabağla bağlı sui-qəsd planının  oraya “ezam olunmuş” “sadiqlər” tərəfindən həyata keçirildiyinə şübhələr var” -daha sonra Ermənistan qəzeti belə yazır.

 

Xatırladaq ki, Moderator.az hələ 2017-ci ildə Qarabağdakı separatçı rejimin “polis” rəisi olan general Kamo Ağacanyanın atasının azərbaycanlı olması haqda geniş araşdırma vermişdi. Bu barədə məlumatı Qarabağ qazisi,  keçmiş Xocavənd taborunun fəal döyüşçülərindən biri, Xocavənd rayonunun Axullu kənd sakini Ayxan Sadiq bəndənizin Dağlıq Qarabağda yaşayan 6 azərbaycanlının kimliyi barədəki yazısını oxuduqdan sonra vermişdi.  Əyanilik üçün həmin materialın əsas hissəsini nəzərəinizə çatdırırıq:

“Hazırda qondarma “DQR”-in “daxili işlər naziri” statusunda olan Ağacanyan Kamo Akbaroviçi uşaqlıqdan tanıyırıq. O, Xocavənd rayonunun Edilli kəndindindəndir. Bu məntəqə keçmisdə Hadrut rayonuna aid idi. Edilli ilə bizim Axullu kəndi bitişik idi, Axulluda azərbaycanlılar yaşayırdı. Amma Axulluda məktəb yox idi deyə, biz də Edilli orta məktəbində erməni uşaqlarla bir oxuyurduq. Həmin dövrdə bir yerdə oxuyanlar Kamonu yaxşı tanıyırlar. 

Kamo Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olub. Atası Kərimov Əkbər təmiz Azərbaycan türküdür. Amma Əkbər kişinin arvadı, yəni, Kamonun anası erməni idi. Beləliklə, 1988-ci ildə o, ata adını və soyadını dəyişib. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra o, Kamo Ağacanyan Akbaroviç kimi ortaya çıxıb və erməni quldurlarına qoşulub. Azərbaycana qarşı döyüslərdə fəal istirak edib. Elə bu fəallığına görə də sonradan vəzifələrə yüksəlib…” 

Araşdırmamız nəticəsində bəlli oldu ki, həqiqətən 2013-cü il martın 25-dən “prezident ” Bako Saakyanın əmri ilə Kamo Ağacanyan DQR” rejiminin “polis rəisi” vəzifəsinə təyin olunub. Bu təyinata qədər isə K.Ağacanyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun komandiri olub. Elə həmin il oktyabrın 23-də İrəvanda Ermənistan və “DQR” polislərinin birgə kollegiya yığıncağında “DQR” “polis rəisi” K.Ağacanyan Ermənistan Respublikası polis rəisi Vladimir Qasparyanın əmri ilə “Asayişin möhkəmlənməsinə görə” medalı ilə təltif edilib. Amma istər rus, istərsə də erməni mənbələrində “DQR” “polis rəisi”nin atası barədə ətraflı məlumat yoxdur. O, sadəcə, “Ağacanyan Kamo Abqaroviç” kimi göstərilir. 1971-ci ildə doğulduğu kənd isə Edilli yox, “Uxtadzor” kimi qeyd edilir (Öyrəndik ki, ermənilər işğaldan sonra Edilli kəndinin adını “Uxtadzor” qoyublar). Və həmin kənd məktəbini 1989-cu ildə bitirərək 1991-ci ildən “erməni özünümüdafiə dəstələrinə” qoşulduğu, Qarabağdakı döyüçlərdə fəal iştirak etdiyi və 2004-cü ildə polkovnik rütbəsi aldığı bildirilir. 

Erməni dilini mükəmməl bilən jurnalistlərdən biri vasitəsilə ermənicə mənbələrini də araşdırdıq. Həmin mənbələrdə də yalnız Kamo Ağacanyanın “Hadrut” rayonunda doğulması qeyd edilir, atasının adı çəkilmir. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, 2013-cü il martın 21-də Ermənistan prezidenti S.Sərkisyan K.Ağacanyanı 1-ci Ordu Korpusu komandirliyindən öz əmri ilə, heç bir şərh vermədən (?) azad edib. Bunun səbəbini erməni “KİV-ləri də araşdıra bilməyib…”

Onu da  qeyd edək ki,  Azərbaycanın qalib oIduğu Qarabağ savaşının başlanmasından cəmi 6 gün öncə – 2020-ci il sentyabrın 21-də general-mayor Kamo Ağacanyan işğalçı Ermənistan paytaxtında qızına toy edib. Mərasimdə Qarabağdakı xunta rejiminin hazırkı başçısı Arayik Arutyunyanla yanaşı keçmiş rəhbər Bako Saakyan da iştirak edib…

Sultan Laçın 

 

 

Mənbə

Share: