Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ÖZƏL-AÇIQLAMA

Artıq Ramazan ayının 18-ci gününü yaşayırıq. Bu ayda insanlar oruc tutur. Oruc tuta bilməyənlər isə iftar süfrələri açır. Bir çoxları isə iftar və imsak yeməyini restoranda yeyir. Əksəriyyət restoranlarda iftar menyularının baha olmasından şikayətlənir. Bəs görəsən restoranlardakı iftar menyularının qiyməti həqiqətənmi bahadır? Moderator.az mövzunu araşdırıb və restoranların iftar menyularının qiyməti ilə maraqlanıb.

 

“Anadolu” restoranından saytımıza bildirilib ki, iftar üçün açıq menyu mövcuddur.

 

“İftarı müştəri gəlib restoranda da edə bilər, biz də çatdıra bilərik. Bizdə açıq menyudur, istədikləri yeməyi yeyə bilərlər. Nə yesələr onu ödəyəcəklər. “Biznes lanç” menyusunun qiyməti bir adam üçün 11 manat 80 qəpikdir. Saat 12-dən 3-ə qədər olur. Burada qiymətə yarım pors şorba, əsas yemək və qarnir, bir də içki daxildir. 19 manat 30 qəpiyə isə imsak menyumuzdur” deyə bildirilib.

 

 

“Ayasofya Lahmacun” restoranından isə bildirilib ki, bu dəfə ayrıca iftar və imsak menyuları yoxdur.

 

“Sırf iftar və imsak menyusu yoxdur. Ramazana özəl ümumi menyuya 20 faiz endirim etmişik. Ümumi hesabdan 20 faiz çıxılır, qalanı ödənilir. Menyu dəyişilməyib. Dönər də yesələr 20 faiz endirim edəcəyik. Ramazandan sonra qiymətlər həmişəki kimi olacaq” deyə bildirilib.

 

“Fisincan” restoranında isə iftar üçün müxtəlif qiymətli menyular var.

 

“Bizdə iftar menyusunun müxtəlif qiymətləri mövcuddur. Toyuq yeməkləri olan menyu 20 manat, ət yeməkləri 25, balıq yeməkləri isə 28 manatdır. Bura şorbalar, salatlar, şirniyyatlar, qarnir və isti yemək daxildir” deyə bildirilib.

 

“Şərq” restoranında isə ən ucuz iftar menyusunun qiyməti 20 manatdır. Təbii ki, bu bir nəfər üçün nəzərdə tutulub.

 

“İftar menyuları mövcuddur. Setlərə bölmüşük. 20 manat, 22 manat və 4 nəfərlik setimiz 90 manatdır. İmsak menyumuz yoxdur. Çünki imsak vaxtı fəaliyyət göstərmirik” deyə restorandan bildirilib.

 

 

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Moderator.az-a bildirib ki, xüsusilə Ramazan ayında insanlar insaflı olmalıdır.

 

“Ramazan ayı barışıq, rəhmət, sosial yardımlaşma ayıdır. Ramazanda ehtiyacı olan insanları süfrə açıb, yeməyə dəvət etmək lazımdır. Təəssüflər olsun ki, Ramazanda bəzi yerlərdə qiymətlərin, iftar və imsak menyularının qiyməti süni şəkildə qaldırılır. Bu əlbəttə ki, düzgün deyil. Ehtiyacı olan insanların bir yerdə toplaşıb iftar etməsi məqsədəuyğundur. Ramazan ayında kimsə savab etmək istəyirsə, imkanı olduğu təqdirdə qiymətlər baxımından, ya əməl baxımından müəyyən mənada güzəştlər etməlidir. İnsan əməlinə görə Allah qarşısında cavab verir. Əgər bir insan Ramazan ayında oruc tuta bilmirsə, ehtiyacı olan insanları bir süfrəyə dəvət edir. Təbii ki, o süfrədə Allahın verdiyi halal nemətlər olmalıdır. Qiymətlər də insaf baxımından olmalıdır. Məhz bu qiymət artımına görə insanlar gedib həmin restoranlarda iftar edə bilmir, əziyyətə düşürlər. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Ramazan ayında insanlar xüsusilə insaflı olmalıdırlar” deyə Hacı Surxay Məmmədli bildirib.

Mənbə

Share: