Bayden İsrailin ünvanına kəskin bəyanatla çıxış edib

 

“Mən humanitar missiyanın yeddi əməkdaşının Qəzza bölgəsində həlak olması səbəbindən hiddət və kədər içindəyəm…”

 

“İsrail mülki əhaliyə son dərəcə zəruri olan yardımın çatdırılmasına cəhd edən humanitar missiya işçilərinin mühafizəsi üçün fəaliyyət göstərməyib…”

 

ABŞ prezidenti Co Bayden “World Central Kitchen” humanitar missiyasının yeddi əməkdaşının Qəzza bölgəsində həlak olması ilə əlaqədar kifayət qədər sərt bəyanatla çıxış edib.

 

Moderator.az xəbər verir ki, onun bəyanatı Ağ Evin saytında dərc edilib. Məlumatı “golosameriki.com” nəşri yayıb.

 

“Mən Qəzzada “World Central Kitchen” humanitar missiyanın yeddi əməkdaşının, o cümlədən bir amerikalının həlak olması səbəbindən hiddət və kədər içindəyəm.

 

Onlar müharibənin qızğın çağında ac mülki şəxsləri ərzaqla təmin edib. Onlar cəsur və fədakar olub. Onların həlak olması faciədir”, – o, bəyan edib və qeyd edib ki, İsrail baş verən hadisənin hərtərəfli araşdırılmasını vəd edib.

 

“Bu araşdırma tez bir zamanda aparılmalı, baş verənlərdə məsuluyyət daşıyanların adları açıqlanmalı, nəticələr barədə məlumat verilməlidir”, – prezident qeyd edib.

 

“Daha faciəlisi bu hadisənin yeganə olmamasıdır. Bu müharibə humanitar təşkilatların həlak olan əməkdaşlarının sayına görə ən pis müharibədir. Bu da Qəzzada humanitar yardımın paylanmasının bu qədər çətin olmasının səbəblərindən biridir. 

 

Çünki İsrail mülki əhaliyə son dərəcə zəruri olan yardımın çatdırılmasına cəhd edən humanitar missiya işçilərinin mühafizəsi üçün kifayət qədər fəaliyyət göstərməyib. Dünənki hadisəyə bənzər hadisələr, sadəcə, baş verməməlidir”, – Bayden deyib.

 

O, xatırladıb ki, Birləşmiş Ştatlar İsrailə dinc əhali arasında qurbanlardan yan keçmək üçün HƏMAS-a qarşı hərbi əməliyyatları humanitar əməliyyatlarla uzlaşdırmamağa “dəfələrlə çağırış edib”.

 

“Birləşmiş Ştatlar Qəzzada Fələstinin mülki əhalisinə humanitar yardım göstərilməsi üçün bütün mümkün vasitələrlə bütün mümkün olanları etməkdə davam edəcək. Mən bu yardıma daha çox dəstək verilməsi üçün İsrailə təzyiq etməkdə davam edəcəyəm.

 

Biz girovların azad edilməsi üzrə sövdələşmə çərçivəsində təkidlə dərhal atəşkəsə nail olmağa səy göstəririk”, – Bayden bəyan edib və əlavə edib ki, öz dostu, “World Central Kitchen”in təsisçisi baş aşpaz Xose Andreslə “onun təşkilatının igid əməkdaşlarının həlak olması” ilə bağlı danışıb və başsağlığı verib.

 

“World Central Kitchen”in məlumatına görə, həlak olan könüllülər arasında ABŞ və Kanada vətəndaşları, habelə Avstraliya, Polşa və Böyük Britaniya nümayəndələri də olub. Bu ölkələr İsrailin ünvanına ittihamedici bəyanatlar səsləndirib.

 

İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Xaqari “World Central Kitchen” təşkilatının yeddi əməkdaşının Qəzzada həlak olmasında İsrailin məsuliyyət daşıdığını etiraf edib və həlak olanların ailələrinə başağlığı verib.

 

İsrail baş naziri Binyamin Netanyahu Qəzza bölgəsində günahsız insanlara “təsadüfi” zərbənin hərtərəfli araşdırılması və gələcəkdə buna bənzər hadisənin baş verməməsi üçün İsrailin bütün  mümkün olanları edəcəyini vəd edib.

Mənbə

Share: