“Belə şeylərə görə həbsxanada adamı asanlıqla qətlə yetirə bilərlər…”

“Məhkumlar administrasiyadan daha çox həmkarlar ittifaqından çəkinir…”

 

“Aleksey, xahiş edirik bu işə son ver, sənə görə bizi buradan heç vaxt buraxmayacaqlar…”

 

Navalnı işsiz qalmır: o, yeni təşkilat yaradıb və buna görə həbsxanada asanlıqla qətlə yetirilə bilər…

 

Hakimiyyət tərəfindən ciddi rejimli koloniyada doqquz il müddətinə azadlıqdan mərhum edilmə cəzasını çəkən rusiyalı müxalif siyasətçi Aleksey Navalnı işsiz dayanmır. O, “Promzona” cinayət-icraçı sistemi müəssisələrində işə götürülən vətəndaşlar üçün yeni həmkarlar ittifaqı yaradıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Navalnı sosial şəbəkələrdə məlumat verib.

 

“Ümumiyyətlə, belə şeylərə görə həbsxanada asanlıqla qətlə yetirə bilərlər. İstintaq təcridxanasında bağlı qapılar arxasında ölümünə döyə bilərlər. Bu, həbsxana administrasiyasının gözlərində ağrılı dərəcədə cəsarətli görünür. Amma mən hələ ki, onunla canımı qurtarıram ki, hər gün xüsusi komissiya mənə töhmət verir. Bir də mənə tərəfimdən hazırladığım cinayətlə bağlı xəbərdarlıq edilib. Mən isə, sadəcə, “zek”lərin və həbsdə olanların həmkarlar ittifaqını yaratmışam. Ciddi deyirəm”, – o, belə yazıb.

 

Koloniya administrasiyası həmkarlar ittifaqını qanunsuz adlandırıb. Navalnının sözlərinə görə, bu zaman məhkumlar “administrasiyadan daha çox həmkarlar ittifaqından çəkinir. 

 

“Hər dəfə bu barədə danışanda, mənim “qatillərim” mənə kədər hissi ilə deyirlər: “Aleksey, xahiş edirik buna son ver. Sənə görə bizi buradan heç vaxt buraxmayacaqlar və bunun sonu pis olacaq”, – Navalnı danışıb.

 

Siyasətçinin sözlərinə görə, özündən başqa, həmkarlar ittifaqına heç kim daxil olmayıb. Amma təşkilat ilk qələbəsini qazanıb: həmkarlar təşkilatının tələbi ilə və Navalnı komandasının hüquqşünaslarının iştirakı ilə koloniya administrasiyası onun çalışdığı tikiş sexində taburetlər kürəyi olan stullarla əvəzlənib.

 

“Əgər siz tikiş maşını arxasında gün ərzində 7-8 saat əyləşirsinizsə, inanın ki, bu, çox vacibdir”, – Navalnı qeyd edib. 

 

Hazırda həmkarlar ittifaqı “bütün zonalarda, sonra regionda, daha sonra Rusiya zonalarında bütün tikişçilər üçün” taburetlərin stullarla əvəzlənməsinə çalışır.

 

“Promzona”nın özünün “Telegram-kanal”ı var, orada göstərilib ki, “təkcə məhbuslar deyil, koloniya əməkdaşı da- həbsxana sistemi tərəfindən iş verilən istənilən adam da həmkarlar ittifaqına daxil ola bilər.

 

Həmçinin məlum olub ki, Navalnı cəza çəkdiyi və “işgəncə” koloniyası reputasiyalı Vladimir vilayətinin Melexovo 6 saylı ciddi rejimli koloniya barəsində iddia qaldırıb. Buna səbəb siyasətçinin koloniyada istehsal etdiyi məmulatların sifarişçisi haqqında məlumatların rəhbərlik tərəfindən açıqlamaqdan imtina etməsi olub.

 

Bir ay öncə siyasətçi Korrupsiya ilə beynəlxalq fondun yaradılması haqqında elan edib. Onun müşahidə şurasına Belçikanın sabiq baş naziri, Avropa Parlamentinin deputatı Qi Verxofstadt, jurnalist, Pulitser mükafatı laureatı Enn Epplbaum, filosof Frensis Fukuyama və Navalnının həyat yoldaşı Yuliya daxildir.

 

“Fond tamamilə şəffaf və aydın olacaq, onun mövcud olması üçün ilk üzvlük haqqı Avropa Parlamenti tərəfindən mənə verilən Saxarov mükafatı olacaq (50 min avro)”, – siyasətçi deyib.

 

Rusiyada analoji təşkilatı (Korrupsiya ilə mübarizə fondu) Rusiyanın dövlət strukturlarında total rüşvətxorluq və qohumbazlıq haqqında çoxsaylı araşdırmalardan narazı qalan Kreml hakimiyyəti məhv edib.

 

Mayın sonunda həbsdə yatan Navalnı ona qarşı yeni cinayət işinin açılması barədə məlumat verib. Müxalifətçi ekstremist təşkilatının yaradılmasında, məmurlara qarşı nifrətin qızışdırılmasında, habelə razılaşdırılmayan mitinqlərə çağırışlarda ittiham edilib. Bu isə çəkdiyi cəzaya daha 15 il əlavə deməkdir.

 

Xatırladaq ki, Navalnı ötən ilin yanvar ayından həbsdədir. O, “Noviçok” maddəsindən zəhərləndirilməsi ilə bağlı müalicə aldığı Almaniyadan geri dönərkən Moskva hava limanında saxlanılıb. 

 

Siyasətçi ona qarşı sui-qəsd edilməsində şəxsən Rusiya prezidenti Vladimir Putini ittiham edib.

Mənbə

Share: