“Crocus”dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi

 

“Başqalarının ölümünə imkan verməkdənsə, döyüşdə ölmək daha yaxşıdır…”

 

“Mən Avropada İslamı gördüm, amma müsəlmanları görmədim. Mən Misirdə müsəlmanları görürəm, amma İslamı görmürəm…”

 

“1970-ci illərin sonundan başlayaraq İslam Qərbdə terrorçuluq, zorakılıq və qətllər sinoniminə çevrilib…”

 

Terrorçular qəddarlıq səbəbindən qətllər və zorakılıq təsəvvürü yaradan İslamın simasını təhrif edib.

 

Moderator.az xəbər verir ki, bu barədə Livanın “Asas Media” nəşri yazıb.

 

Məqalədə deyilir ki, “Crocus”da törədilən terror aktı dünyaya bir medalın iki üzünü-ölümcül İŞİD və yüzlərlə insanı xilas edən İslam Xəlilov adında oğlanı nümayiş etdirib.

 

Lakin bir məsələ aktual olaraq qalır-sonucda hansı İslam zəfər çalacaq?

 

Moskva ətrafında yerləşən “Crocus City Hall”da terror aktı zamanı “İki İslam”- qətllər, güllələmələr və dağıntılarla məşğul olan  İŞİD terror təşkilatı və konsert salonundan yüzdən artıq ziyarətçini çıxaran 15 yaşlı İslam Bəxtiyar oğlu Xəlilov adlı oğlan bir-birinə qarşı dayanıb. 

 

İslamın biri qətlə yetirir və əlil edir, digəri insanları ölümdən xilas edir. Bütün bunlar bir yerdədir. İslamdan ekstremistlər və qaniçənlər istifadə edir. Lakin İslam Bəxtiyar oğlu Xəliliv da var.

 

Bu, heç də sirr deyil, bir neçə gün öncə baş vermiş və beynəlxalq KİV-lər tərəfindən fəal şəkildə şərh edilən qanlı faciədən çıxan nəticədir.

 

“İki İslam” kəsişmir

 

Faciə ötən cümə günü baş verib. Moskva ətrafındakı “Crocus City Hall”. “Birinci İslam” dünyada ən məşhur terrorçu təşkilatdır. “İraq və Levanta dövləti” sələfi-cihad ideyalarına əsaslanan və kökləri “Camaat at-Tauhid val-Cihad”a (“Təkallahlılıq və Cihad Taboru”) gedib çıxır.

 

O, 2004-cü ildə Amerikanın İraqı işğal etdikdən sonra iordaniyalı Əbu Müsəb əz-Zərqavi tərəfindən təsis edilib. İŞİD bütövlükdə digər terrorçu təşkilat-Əl-Qaidənin baxışlarını bölüşür.

 

Bu təçkilat “İslam Xəlifəsi”nin yaradılmasına və şəriət qanunlarına riayət edilməsinə çağırış edərək, cihadçıları müsəlman ölkələri və onların Qərbdəki müttəfiqlərində mövcud olan rejimlərilə “danışıqlara” göndərir.

 

İŞİD-in tərkibində müxtəlif millətlərdən ibarət minlərlə döyüşçü var. 2014-cü il iyunun 29-da İraq və Suriyanın zəbt edilmiş ərazilərində “İslam Xəlifəti”ni yarada bilib.

 

Terrorçu təşkilat bütün dünyada yüzlərlə “cihad” əməliyyatı aparmaqla tanınıb. İŞİD yaraqlıları çoxsaylı dəhşətli cinayətlər törədib. Bütün dünya onu terrorçu təşkilat kimi tanıyır. 

 

“İslam Dövləti” “Crocus City Hall”da baş vermiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Son məlumatlara görə, 143 adam həlak olub, 150 adam yaralanıb. Motivlər hələlik bəlli deyil.

 

Lakin bu faciə qlobal münaqişələrlə bağlıdır. Həm də tamamilə aydındır ki, “Crocus”dakı terror aktının artıq altı aydır İsrailin Qəzza bölgəsində apardığı qəddar müharibə ilə heç bir əlaqəsi yoxdur. Bu terror aktı başqa münaqişə ilə bağlıdır.

 

“İkinci İslam” müsəlmandır

 

“İkinci İslam” 15 yaşlı müsəlman oğlandır. Onun adı İslam Bəxtiyar oğlu Xəlilovdur. O, Moskva ətrafında yerləşən “Crocus City Hall” konsert salonundan yüzdən çox adamı küçəyə xidməti otaqlardan keçən çıxışı göstərərək çıxarmağı bacarıb.

 

İslam Bəxtiyar oğlu Xəlilov atəşlər başlayandan sonra ehtiyat çıxışın qapısını açıb. Onun insanların çıxmasına kömək etməsi videosu sosial şəbəkələrdə meşə yanğınları kimi yayılıb. Hamı onun cəsurluğu, düşüncə qabiliyyəti və göstərdiyi qəhrəmanlığına görə ona təriflər yağdırır.

 

Orta məktənin səkkizinci sinif şagirdi konsert salonunda qarderobçu işləyərək çörəkpulu qazanır. Atəşlər başlayanda o, nə etmək lazım olduğunu dərk edərək diqqətini insanların ehtiyat çıxışdan çıxmasına kömək etməyə yönəldib. İslamın özü deyib ki, bütün adminlərlə fövqəladə hallar üçün təlimat keçirilib, o da təlimata uyğun olaraq dəqiq hərəkət edib.

 

“Başqalarının ölümünə imkan verməkdənsə, döyüşdə ölmək daha yaxşıdır”, – onun bu sözlərindən “Russia Today” informasiya agentliyi iqtibas gətirir.

 

Bir medalın iki üzü

 

İslam bəşəriyyətə İlahidən nazil edilib. O, iudaizm və xristianlıqla yanaşı dünyanın üç monoteist dinlərindən biridir. İslam bütün dinlər kimi xeyirxahlığa, həqiqətə, mömünlüyə çağırır.

 

Lakin son zamanlar, xüsusilə 1970-ci illərin sonlarından İslam Qərbdə terrorçuluq, zorakılıq və qətllər sinoniminə çevrilib.

 

Buna səbəb bəzi terrorçu təşkilatlar, ayrı-ayrı şəxslər, silahlı qruplaşmalar və öz xoşu ilə, hər-hansı məsuliyyət və nəzarət olmadan hərəkət edən “möminlər” tərəfindən həyata keçirilən həm açıq, həm də gizli qəddar “Cihad” əməliyyatlarıdır. İslam  müxtəlif istiqamətlərə-siyasi, sosial və…”cihadçı” İslama parçalanıb. 

 

Sonuncusu ən təhlükəlisidir. Məhz onun səbəbindən həm müsəlman ölkələrində, həm də bütövlükdə dünyada İslamın siması təhrif edilib. İslam əllərində ən yeni silah növləri olan, ölüm və zorakılıq törədən, insanları didərgin salan, onlardan fərqlənənləri Allah və şəriət adı altında mühakimə edənlər kimi təsəvvür edilir.

 

İslamın təhrif edilmiş siması bir çox Qərb şərqşünaslarının əsərlərində təsvir edilib. Bu barədə bəzi müsəlmanlarla təmasda olan səyyahlar da danışıb. Bu sima dəfələrlə son onilliklər ərzində cihadçılar tərəfindən təsdiq edilib. 

 

Bunun əksinə olaraq İslam Bəxtiyar oğlu Xəlilov mərmətli və yüksək müsəlman mənəviyyatına malik sadə bir oğlandır. O, İslamın tamamilə başqa tərəfini göstərməyi bacarıb. Elə həmin yerdə və həmin zamanda.

 

Burada Misir imamı Məhəmməd Əbdonun sözlərini xatırlatmaq yerinə düşər: “Mən Avropada İslamı gördüm, amma müsəlmanları görmədim. Misirdə mən müsəlmanları görürəm, amma İslamı görmürəm”.

 

Bütün dünya “İki İslamı”- birinin insanları amansızcasına güllələyən, digərinin insanları ehtiyat çıxışdan çıxmasına kömək edən İslamı görüb. İkincisi Rusiya müsəlmanlarının “Xidmətlərinə görə” medalı ilə təltif ediləcək.  Sonucda hansı İslam zəfər çalacaq? Və bu, nə zaman baş verəcək?..

 

Müəllif: Ayman Cazini

Mənbə

Share: