Dəməşqdə məhkəmə Bəşər Əsədin əmisi oğlunu ölüm cəzasına məhkum edib — TV

Dəməşqdə məhkəmə Bəşər Əsədin əmisi oğlunu ölüm cəzasına məhkum edib — TV

Dəməşqin Dördüncü Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi təsnif edilən qətl və işgəncə faktlarına görə təqsirli bilərək ölüm cəzasına məhkum edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Syria” telekanalının məlumat yayıb.

Məlumata əsasən, məhkəmə Vasim Əsədi bir neçə nəfərin qəsdən öldürülməsi, işgəncə ilə müşayiət olunan qətl, həmçinin vətəndaş müharibəsi və konfessiyalararası münaqişəni qızışdırmağa yönəlmiş hərəkətlərdə təqsirli bilib. O, həmçinin müharibə cinayətləri və insanlığa qarşı cinayətlər çərçivəsində qanunsuz həbs və işgəncə verməkdə ittiham olunub.

Məhkəmə həmçinin onu sağlamlığa qalıcı əlilliklə nəticələnən qəsdən xəsarət yetirmə və dələduzluq ittihamları ilə üç il müddətinə azadlıqdan məhrum edib və 1000 Suriya funtu məbləğində cərimə tətbiq edib.

Eyni zamanda, Vasim Əsəd kifayət qədər sübut olmadığına görə qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamlarından bəraət alıb. Məhkəmə onun daşınar və daşınmaz əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb.

Qərar Vasim Əsədin Suriya-Livan sərhədi yaxınlığında saxlanılmasından təxminən bir il sonra qəbul edilib. Onun işi üzrə məhkəmə dinləmələri iyunun 24-də başlamışdı.

Share: