DÇ-2022: Mundialın ilk qolunu Ekvador vurdu

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab açılıb. 

Belə ki, meydan sahibi Qətərin qapıçısı Əl Şib Enner Valensiyaya qarşı cərimə meydançasında kobud oynayıb.

İtaliya hakim Daiel Orsato penalti təyin edib. Zərərçəkən özü 11 metrlik nöqtədən dəqiq oynayıb. 

Hazırda Ekvador qalib gəlir – 1:0.

***

 

20:02

 

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu start götürüb. 

 

Oxu.Az xəbər verir ki, mundialın ilk matçında ev sahibi Qətər yığması ilə Ekvador üz-üzə gəlir. 

 

A qrupu çərçivəsində keçirilən görüş günün yeganə qarşılaşması olacaq. 

 

19:50

 

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu üçün start heyətləri bəlli olub.

 

Oxu.Az xəbər verir ki, ev sahibləri ilə Ekvador arasında keçiriləcək ilk matçın start heyətləri aşağıdakı kimidir.

 

Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli

 

Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya

 

Qeyd edək ki, “El-Bayt” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

09:13

 

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

 

Oxu.Az-ın məlumatına görə, sayca 22-ci olacaq mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.

 

A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək.

 

Görüşdən əvvəl açılış mərasimi gerçəkləşəcək.

 

Turnir ilk dəfə Yaxın Şərqdə keçiriləcək. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşəcək. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda 48 yığma mübarizə aparacaq.

 

İndiyədək final mərhələlərində 79 ölkə iştirak etmişdi. Qətər ilk dəfə yarışa qatılır və beləliklə, millilətin sayı 80-ə çatacaq. Əvvəlki 21 turnirdə 8 komanda çempionluq sevinci yaşayıb. Braziliya 5, İtaliya və Almaniya 4, Uruqvay, Argentina və Fransa 2, İngiltərə ilə İspaniya hərəyə 1 dəfə qalib olublar.

 

Sonuncu mundialda – 2018-ci ildə Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

 

DÇ-2022-nin qalibi 40 milyon ABŞ dolları qazanacaq. İkinci yeri tutan milliyə 30 milyon, üçüncü yerin sahibinə 27 milyon dollar veriləcək. 4-cü olan kollektiv isə 25 milyon dollar alacaq.

 

Dünya çempionatı

A qrupu

 

I tur

 

20:00. Qətər – Ekvador

 

Baş hakim: Daniele Orsato (İtaliya)

 

“El-Bayt” stadionu

 

Qeyd edək ki, mundial dekabrın 18-də başa çatacaq.

Mənbə

Share: