Dünya liderləri İlham Əliyevi təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Millətin Səsi.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Siz və Azərbaycan xalqı Müstəqillik Gününüzü qeyd edərkən mən və həyat yoldaşım Zati-alinizə və xalqınıza səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuruq.

Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklər.

Mən və həyat yoldaşım fürsətdən istifadə edərək milli bayramınız münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı çatdırırıq”.

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına isə davamlı inkişaf, rifah arzu edirəm.

Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk”.

***

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.

Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır.

Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər. Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə milli lider kimi fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

***

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram”.

***

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Prezident.

Azərbaycanın Müstəqillik Gününün ildönümünün qeyd olunması münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, ölkənizə tərəqqi və firavanlıq arzulayıram.

Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dost ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlər xalqlarımızın ümumi maraqları naminə birgə fəaliyyətimiz və səmərəli əlaqələrimiz sayəsində bundan sonra da ardıcıl şəkildə möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımla yanaşı, səmimi salamlarımı, möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycan xalqının davamlı rifahı, tərəqqisi ilə bağlı ən xoş arzularımı da qəbul etməyinizi xahiş edirəm”.

***

Xorvatiya Prezidenti Zoran Milanoviç Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmən xalqının Milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.

Təbrikdə deyilir:

Sərdar Berdiməhəmmədov:

“Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin simanızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla addımlayır, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.

Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluğa, dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

Qurbanqulu Berdiməhəmmədov:

“Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.

Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.

Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

***

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.

Bu gün müstəqil Azərbaycanın özünün müasir tarixində həm əhalinin rifah halının yüksəldilməsində, həm də güclü dövlətin qurulmasında əldə etdiyi böyük uğurların şahidi oluruq. Azərbaycan hazırda beynəlxalq arenada sanballı yerə malikdir. Azərbaycanlı qardaşlarımızın uğurlarına həmişə şadıq.

Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri iki xalqın rifahı naminə gələcəkdə də ardıcıl inkişaf edəcəkdir.

İcazə verin Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım”.

Share: