DYP bu şagirdləri mükafatlandırdı

DYP bu şagirdləri mükafatlandırdı

Bakıda 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda breyn-rinq keçirilib.

Bu barədə Milletinsesi.az-a məlumat verən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yarış məktəblilərin yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirilmək, istedadlı uşaqları aşkar etmək məqsədilə təşkil edilib.

Yarışda 30 şagirddən ibarət 6 komandanın tərkibində Nərimanov rayonu 34, Sabunçu rayonu 81, Yasamal rayonu 158, Xəzər rayonu 183, Nizami rayonu 210, Suraxanı rayonu 279 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edib.

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Texnika üzrə fəlsəfə doktoru, professor Əziz Talıbov, Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov, Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Məryəm Ömərovanın təmsil olunduğu münsiflər heyəti yarışı izləyib.

Hər raundda 12 sual olmaqla komandalar arasında 5 oyun keçirilib.

Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb. Yarışın nəticəsinə görə Nərimanov rayonu 34 nömrəli tam orta məktəbin “Sürücülər” komandası I, Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin “Qırmızılar” komandası II, Yasamal rayonu 158 nömrəli tam orta məktəbin “Sərnişinlər” komandası III yerə layiq görülüb.

Qalib komandaların hər bir üzvü diplom və medallarla təltif olunub. I, II və III yerləri tutan komandalara diplom və yarışın kuboku təqdim edilib.

Bütün iştirakçı uşaqlara 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşəkkürnamələr və DYP İdarəsi tərəfindən müxtəlif hədiyyələr verilib.

Share: