Ərəb koalisiyası Yəməni vurdu, mülki şəxslər həlak oldu

Ərəb koalisiyası Yəməni vurdu, mülki şəxslər həlak oldu

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin Səna əyalətindəki yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində azı iki mülki şəxs həlak olub, beş uşaq isə yaralanıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Yəməndəki “Ənsar Allah” üsyançı hərəkatına mənsub husilərin Səhiyyə Nazirliyi bildirib.

Husilərin nəzarətində olan SABA xəbər agentliyinin sitat gətirdiyi bəyanatda deyilir: “Səhiyyə və Ətraf Mühit Nazirliyi təsdiqləyir ki, Səudiyyə düşməninin Səna əyalətinin “Əl-Heymə əl-Xariciyyə” rayonunda yerləşən evə endirdiyi hava zərbəsi nəticəsində bir mülki şəxs və onun həyat yoldaşı həlak olub, beş övladı isə yaralanıb”.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saat ərzində Ərəb koalisiyasının həyata keçirdiyi hücumlar nəticəsində 19 mülki şəxs həlak olub, 25 nəfər isə yaralanıb. Hazırkı gərginliyin başlanmasından bəri ölənlərin ümumi sayı 510-a, yaralananların sayı isə 1031-ə çatıb.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husi üsyançıları arasında silahlı münaqişə davam edir. Noyabrın 17-də husilər bildiriblər ki, Ərəb koalisiyası “Ənsar Allah”ın nəzarətində olan Yəmən paytaxtına yenidən zərbə endirib. Buna cavab olaraq üsyançılar Səudiyyə Ərəbistanının hava məkanını yenidən döyüş zonası elan edib və mülki şəxsləri Səudiyyə hava limanlarına, eləcə də dövlət neft şirkəti “Saudi Aramco”ya məxsus obyektlərə yaxınlaşmamağa çağırıblar.

Share: