Ermənistan Rusiya bazarı olmadan ərik ixracından əldə etdiyi gəlirlərin 80%-dən çoxunu itirmək riski ilə üz-üzədir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “RİA Novosti” milli statistika xidmətlərinə istinadla məlumat yayıb.
Məlumata görə, Ermənistan əriklərinin ixracı ənənəvi olaraq may ayından sentyabr və ya oktyabr aylarınadək olan dövrə təsadüf edir.
2025-ci il mövsümünün yekunlarına əsasən, Ermənistan bu meyvənin ixracından 12,2 milyon dollar gəlir əldə edib. Bu məbləğin 10,3 milyon dolları Rusiyanın payına düşüb ki, bu da ümumi ixrac gəlirlərinin 83,9%-ni təşkil edir. Ermənistan əriklərinin digər əsas idxalçıları sırasında Gürcüstan, Belarus və Birləşmiş Ərəb Əmirlikləri də yer alır.
Rusiya bazarı Ermənistanın pendir istehsalçıları üçün də son dərəcə əhəmiyyətlidir. “RİA Novosti”nin apardığı hesablamalara görə, Rusiya bazarı olmadan Ermənistan pendir ixracından əldə etdiyi gəlirlərin 80%-dən çoxunu itirə bilər. Ötən il Ermənistanın dünya bazarlarına pendir ixracından əldə etdiyi ümumi gəlir 16,4 milyon dollar təşkil edib. Bunun 13,5 milyon dolları isə Rusiyaya ixracdan əldə olunan gəlir olub.


