GDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir

Gəncə Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarından keçmiş şəhidlərin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

     

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında danışıb. Bildirib ki, tarix boyu təcavüzkar siyasət yeridən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, əzəli torpaqlarımızı zəbt etməyi məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirmiş, sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də qanlı faciələr törədilmişdir.  

         

Tədbirdə Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Zəngəzurda erməni vəhşilikləri”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Soyqırımın tarixi kökləri”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “Heç vaxt unutmayacağımız qanlı tarix”, Azərbaycan dili kafedrasının müəllimi Ayşən Nəbiyeva “Qəlbimizdə əbədi iz qoyan tarix”, Filologiya fakültəsinin tələbəsi Səma Abbasova “31 Mart – yaddaşımızdan silinməyən gün” mövzusunda məruzə ilə çıxış ediblər.    

Mənbə

Share: