“İlovayska görə qisas, yoxsa intihar?..” – Rusiyada tanınmış zabit həlak olub…

“Rusiya Qəhrəmanı bir çox “qaynar nöqtələrdə-Abxaziyada, Dağıstanda, Çeşenistanda, Yuqoslaviyada, Suriyada və Ukraynada xidmət keçib…”

 

“2014-cü ildə İlovaysk uğrunda gedən döyüşlərdə Lisitskinin rəhbərlik etdiyi alay qruplaşmasının xaincəsinə hücumu nəticəsində minədək ukraynalı həlak olub, yaralanıb və əsir götürülüb…”

 

Rusiya ordusunun Donetsk vilayətinin İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə iştirak edən polkovnik-leytenant Dmitri Lisitski intihar edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “focus.ua” nəşri məlumat yayıb.

 

Ukrayna mətbuatının məlumatına görə, rusiyalı zabit Ukrayna Silahlı Qüvvələri tərəfindən aradan götürülüb.

 

Lisitskinin cəsədi martın 26-da səhər saat 10-da Stavropol şəhərində Serov küçəsində yerləşən evdəki mənzilində tapılıb. 

 

Polkovnik-leytenantın ölümünü Stavropol diyarının Blaqodarnensk şəhər dairəsinin rəhbəri Aleksandr Tenkov təsdiq edib, bu zaman zabitin ölüm səbəbi açıqlanmayıb.

 

Tenkov qeyd edib ki, Lisitski bir çox “qaynar nöqtələr”də-Abxaziyada, Dağıstanda, Çeçenistanda, Yuqoslaviyada və Suriyada xidmət keçib. Lisitski Ukraynada müharibəsində də iştirak edib.

 

Eyni zamanda həlak olanı şəxsən tanıyan Stavropol Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edən Vladimir Sitnikov məlumat verib ki, Lisitski “döyüşdə həlak olub”.

 

Rusiya Müdafiə Nazirliyi zabitin ölümünü şərh etməyib.

 

Ukraynalı hərbi müxbir Yuri Butusov iddia edir ki, Lisitskini ukraynalı hərbçilər qətlə yetirib.

 

“Bu gün ukraynalı döyüşçülər İlovayskın qisasını alıb, 247-ci desant-hücum alayının 1-ci taborunun komandiri Dmitri Lisitskini aradan götürüb.

 

Lisitski 2014-cü ildə İlovayskda Qorbatenko kəndi yaxınlığında mühasirəni yaran zaman Ukrayna bölmələrinə hücum edən 247-ci alayın tabor-taktiki qrupuna rəhbərlik edib. Ukraynada müharibəyə görə 2015-ci ildə Lisitskiyə Rusiya Qəhrəmanı adı verilib.

 

247-ci alay 2022-ci ildə Ukraynaya hərbi müdaxilə zamanı böyük itkilər verib, Lisiyskinin aradan götürülməsi alayın döyüş qabiliyyətini ciddi zəiflədəcək”, – Butusov özünün “Telegram-kanal”ında yazıb.

 

İlovaysk uğrunda döyüşlər 2014-cü ilin avqustunda aparılıb. Ukraynalılar yaşayış məntəqəsinin əsas hissəsinə nəzarəti ələ keçirməyə müvəffəq olub. Lakin Rusiya ərazisindən Ukrayna qruplaşmasının arxa cəbhəsinə daxil olan Rusiyanın nizami qoşunları tərəfindən mühasirəyə alınıb.

 

İlkin razılaşmalara görə, avqustun 29-da ukraynalı bölmələr mütəşəkkil kolonlarla şəhərdən çıxmalı olub. Əvvəlcə onlar Rusiyanın möhkəmlənmiş mövqelərinin yanından hərəkət edib, lakin bir müddətdən sonra Rusiya qoşunları atəş açaraq marşda olan kolonları güllə-baran edib.

 

Rusiyalıların hücumu nəticəsində 366 ukraynalı döyüşçü həlak olub, 450 nəfər yaralanıb, 300 nəfər əsir düşüb. İlovaysk faciəsinn araşdırılması üzrə müvəqqəti istintaq komissiyasının nümayəndələri Ukrayna qoşunlarının itkilərinin min nəfər olduğunu dəyərləndirib.

 

Ukrayna Baş Prokurorluğunun Ofisi bəyan edib ki, İlovaysk ətrafında faciəli hadisələrə gətirib çıxaran yeganə amil Rusiya Silahlı Qüvvələri tərəfindən hərbi təcavüzdür.

Mənbə

Share: