“İran Urmiya gölünü atom bombası üçün qurudur…”

Güney Azərbaycan Milli Oyanış Hərəkatının ABŞ-da mühacirətdə yaşayan lideri doktor Mahmudəli Çöhrəqani Moderator.az-ın suallarını cavablandırıb.  

 

– Mahmudəli bəy, sentyabrdan bəri İranı etiraz aksiyaları bürüyüb. Noyabrın 16-na olan məlumata görə, mitinqlərdə, aralarında azyaşlı və qadınlar da olmaqla, 364 nəfər qətlə yetirilib. Nədir səbəb, xalq nə istəyir? 

 

– İrana hakim olan fars, faşist və şovinist molla rejimi özünü imamların, peyğəmbərin, Quranda buyurulan, Allahın təmsilçisi bilir. O, Xamenei adlı molladır. O, bir hakimiyyət qurub və iddia edir ki, guya bu, Allah hakimiyyətidir, müsəlmanların sahibidir və ona etiraz edənlər də imamlara, peyğəmbərlərə, Allaha etiraz edir. Əgər etirazını davam etdirirsə, bu artıq müharibəyə çevrilir. İran hökuməti daş dövrü təfəkkürü ilə yaşayır. İnsan bu ölkədə quldur, kölədir, rejim insana ona itaət etməyə məcbur olan sürü kimi baxır. Molla rejimi üçün insani və milli hüquqlar mövcud deyil.  

Dünya çox kiçilib, indiki gənclərin əlində telefon var, Azərbaycanın indiki vəziyyətini görürlər, gənclərin necə rahat, qadağasız yaşayışına həsəd aparırlar. Gedirlər Türkiyəyə, görürlər ki, öz ölkələrində zülmət və qaranlıq hakimdir, amma türkiyəlilər insan kimi yaşayır, dəyəri var, azaddır. Molla rejimi isə Arazın o tayındakı gəncləri hər şeydən məhrum edib. İran adlanan coğrafiya açıq zindandır və orada yaşayan 85 milyon insan da həmin zindanın məhbuslarıdır. İndi həmin məhbuslar da dəmir zindan xilas olmaq, azad yaşamaq istəyirlər. Digər ölkələrin vətəndaşları kimi küçədə sərbəst gəzmək, sərbəst geyinmək, musiqi dinləmək, mahnı oxumaq, əylənmək, bi sözlə insan kimi yaşamaq istəyirlər.  

 

– Güneyli azərbaycanlıların vəziyyəti necədir? 

 

– İranda azərbaycanlıların sadəcə bir haqı var, əlinin qabarı, alnının təriylə çörək qazana və onunla ailəsinin, özünün qarnını doyura. İran-İraq müharibəsi 32 il qabaq bitib, amma Avropanın, Amerikanın xəbər agentlikləri yazdılar ki, hər iki tərəfdən bir milyon, yəni ümumilikdə  2 milyon insan məhv oldu. Onların 300 min nəfəri Güney Azərbaycandandır. Ali təhsilli mütəxəssislərimiz, ziyalılarımız, potensiallı gənclərimiz məhv oldu. Gələcəyimizi yönəldən, millətimizi aydınlığa çıxaran aydınlarımızı əlimizdən aldılar. Hansı ki, onların anasının danışdığı dilin əlifbasını öyrənməyə, anasının laylay çaldığı dildə ad qoymağa belə, haqqı yoxdur. 45 milyon türkün iptidai məktəbi belə, yoxdur ki, ana dilini öyrənsinlər. Müharibədə əsir düşənlərin belə, hansısa haqı olur, İrandakı azərbaycanlıların isə həmin əsirlər qədər belə, haqqı yoxdur.   

 

– Mahmudəli bəy, Güney Azərbaycandakı Urmiya gölü niyə qurudulur?  

 

– Türkiyədə Van gölü var, necə gözəl qorunur, həyat dolu, bütün turistlərin diqqətini cəlb edən bir məkandır. Ondan bir qədər aralıda yerləşən Urmiya gölü isə yoxa çıxır. Urmiya gölü qurumadı, onu qurutdular, çünki göl quruyandan sonra üstündə kimyəvi duz qalır, altında isə dünyada çox az və bahalı bir maddə, uran var. İran da məhz onu axtarır, atom bombası düzəltmək üçün. 25 il əvvəl çinli mütəxəssislər Urmiya gölünü tədqiq elədilər və dedilər ki, göl qurudulandan sonra uran mədənləri üzə çıxacaq. Hansı ki, İranın və Çinin buna çox ehtiyacı var. Gölün ətrafını alıb, böyük bostanlar, tarlalar saldılar, saysız-hesabsız su quyuları qazdılar, 120-dən çox səd və bəndlər qurdular, yeraltı suların gölə axmasına mane oldular. Urmiya gölü qurumur, qəsdlə, bilərəkdən, planla, layihə olaraq qurudulur. Yaponyalı mütəxəssislər 20 il əvvəl İrana milyonlarla dollar yardım təklif etdilər ki, gəlib gölün qurumasının qarşısını alsın, ancaq molla rejimi imtina etdi. UNESCO da yardım təklif elədi, rədd etdilər. Bu da bir daha sübut edir ki, Urmiya gölünü faşist rejimi bilərəkdən qurudur.  

 

– Gölün qurudulmasının o ətrafda yaşayan azərbaycanlılarla əlaqəsi varmı?  

 

– Gölün ətrafında, yaxınlığında yaşayanlar azərbaycanlılar idi, İran da məhz onlardan qorxurlar.  Fars molla rejimi Güney Azərbaycana İranın başı deyir, qorxurlar ki, o baş bir gün oyanar və fars molla rejiminin zülmünə qarşı, milli haqları uğrunda mübarizəyə qalxar. Çünki biz mübariz millətik, müharibə etməyə qadirik, Vətən uğrunda can və qan verməyə hazırıq. Ona görə də Urmiya gölünü qurudurlar. Göl də quruduqca yerdə qalan duzu yavaş-yavaş yel qaldırır, külək başlayır, yavaş-yavaş fırtınaya çevrilir, fırtına da qasırğa olur. Həmin qasırğa Təbriz başda olmaqla, yavş-yavaş digər şəhərlərə səpələnir. Sovrulan duz gözlərini çıxırarır, məhv edir.  

 

Zəhra Xanım

Mənbə

Share: