“İsraildə səfirliyimizin açılmasını xalqımız sevinc və coşğu ilə qarşılayır”

“Azərbaycan və İsrail arasında möhkəm ikitərəfli və dostluq münasibətləri mövcuddur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında mövcud münasibətlər çərçivəsində İsrailin Tel-Əviv şəhərində Azərbaycan Respublikasının  Səfirliyinin açılması ölkələrimiz arasında tarixdən gələn dostluq münasibətlərinin daha da inkişaf etdirilib, möhkəmləndiirlməsi baxımından  mühüm tarixi hadisədir. Bu mühüm hadisəni  xalqlarımız böyük coşğu və sevinclə qarşılamışdır”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Millət vəkili açıqlamasında bildirib ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur.Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir. Bu baxımdan qeyd etməliyik ki, 2016-cı ilin dekabrında Azərbaycana səfəri ərzində baş nazir Netanyahu dövlətlər arasında ikitərəfli əlaqələri “əla münasibətlər və səmimi dostluq” adlandırmışdır. Həqiqətən, Azərbaycan-İsrail münasibətləri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzun müddət əvvəl formalaşmış “yaxınlıq” mərhələsini keçib və yaxın dostluq, hətta qardaşlıq səviyyəsinə qədər yüksəlib. Şübhəsiz ki, Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın əsasında ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi dostluq və qardaşlıq əlaqələri dayanır.

 

Millət vəkili Tamam Cəfərova qeyd edib ki,  Azərbaycan və yəhudi xalqlarının oxşar taleyi yaşamış olması, etno-siyasi və dövlətlərarası münaqişələr nəticəsində iki xalqın soyqırıma məruz qalması onları yaxınlaşdırmışdır. Bu tarixi reallıq ölkələrimiz arasında sıx  əlaqələr yaradaraq, dünya siyasətində bir çox sahələrdə ortaq maraqlara söykənən qərarlar qəbul etmələrinin əsasını təşkil etmişdir.Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Avropa yəhudilərinin (aşkenazilərin) Azərbaycanda məskunlaşma tarixi isə 1810-cu illərə gedib çıxır.1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunmuşdur.

 

Fikirlərinin davamı olaraq, millət vəkili Tamam Cəfərova bildirib ki, dünyaya multikulturalzimin Azərbaycan modelini təqdim etmiş ölkəmizdə müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı danılmaz faktdır. Beləki, tarixən olduğu kimi Azərbaycanda heç zaman milli-etnik dözümsüzlüyə və ya bəzi postsovet ölkələrində müşahidə olunan antisemitizm təzahürləri olmamışdır. Bu səbəbdəndir ki, yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir.  Azərbaycanda yaşayan yəhidlər heç bir ayrıseçkiliyə məruz qalmadan Azərbaycan Respublikasının bərabər hüquqlu vətəndaşlar kimi multikultural, tolerant mühitdə yaşayırlar. Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. 2003-cü ildə açılmış məbəd Avropada ən böyük sinaqoqlardan biri hesab olunur. Hər iki ölkəni yaxınlaşdıran digər bir mühüm amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 70 mindən artıq yəhudinin yaşamasıdır.Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli milli qəhrəmanımız Albert Aqarunovun adı xüsusi olaraq çəkilir. O,ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmiş qəhrəmanlarımızdandır. Albert Aqarunov bu gün də neçə-neçə gəncimizin ürəyində Vətən sevgisini aşılayan nümunəvi vətəndaşımızdır.

 

Şübhəsiz ki, hər iki xalq arasında mövcud olan çoxəsrlik dostluq münasibətləri  əməkdaşlıq üçün geniş imkanlar açır. Müasir dövrdə xarici ölkələrdə fəaliyyət göstərən yəhudi və Azərbaycan diasporlarının bir-birinə ciddi dəstəyi müşahidə olunur. Bu nöqteyi-nəzərdən bir daha deməliyik ki, Azərbaycanın İsraildə səfirliyinin açılması iki ölkə arasında çoxəsrlik dostluq və  qardaşlıq münasibətlərinin inkişafının yeni mərhələsi kimi qiymətləndirilməlidir.

Yaşasın Azərbaycan-İsrail dostluğu!

Mənbə

Share: