
“Belə şəxslərin gözləri daha yuxarılarda olduğu üçün bütün yolları “mübah” görərək, hər cür hiyləyə ət atarlar. Beləcə onlar özləri üçün mənfəət çarxı qursalar da, vaxt keçdikcə idarəetmə və sistem çökməyə başlayar…”
İDEAL KÖMƏKÇİ…
Qissədən-hissə
İdeal məsləhətçi hər zaman idarə və müəssisənin inkişafı üçün çalışar, rəhbərə düzgün yön verər, rəhbəri yanlış addım atmaqdan qoruyar. Aşağıdakı əhvalat elə bu haqdadır:
Keçmiş dövrlərdə yaşayan bir padşah Xızır peyğəmbəri görmək arzusuna düşür. Ətrafa carçılar göndərərək əhaliyə elan edir ki, kim mənə Xızırı göstərər və ya tapıb gətirərsə, onu xələt verəcəm. Külfətinin dolanışığını təmin etməkdə çətinlik çəkən kasıb bir adam bu işə girişmək istəyir. Arvadına üz tutaraq: “Bu, bir fürsətdir əlimə düşüb. “Qırx gün içində Xızırı tapacam deyib”, gedib padşahdan xələt alacam. Vədə tamam olanda ya məni edam etdirəcək, ya da zindana atdıracaq. Heç olmasa, siz həmin pulla bir az rahat yaşayacaqsız.” Arvadı: “Ay kişi, bir təhər yarıac-yarıtox dolanırıq. Gəl daşı ətəyindən tök, bu təhlükəyə girmə” – deyir. Arvad nə qədər and-aman eləyir, dil tökürsə, kor tutuğundan buraxmadığı kimi o da fikrindən dönmür…
Səhər tezdən sarayın qapısına gəlir. Gözətçilər tutub onun padşahın hüzuruna çıxarırlar. Qırx gündə Xızırı tapıb gətirəcəyini deyir. Ancaq xələtin yarısını bəri başdan istəyir. Padşah da təklifə razı olur, ancaq sözündə durmasa, kəlləsini qoparacağını əlavə edir. Razılaşırlar. Adam alacağını götürüb ailəsinin yanına qayıdır. Qırx gün camaatın içinə çıxmır. Vaxt ötür, vədə gəlir və qırx gün tamam olur. Adamdan səs çıxmayınca padşah əsgərləri göndərir. Əsgərlər adamı əlini-qolunu bağlayıb saraya gətirirlər. “Bu vaxta kimi neylədin?!” – deyə padşah hiddətlə soruşur. Kasıb adam qısıq səslə: “Mənim əslində Xızırı tapmaq fikrim yox idi. Ailəm ciddi korluq çəkirdi. Mən də Xızır bəhanəsi ilə sizdən qızıl almaq istədim.” Verilən cavaba daha da qəzəblənən padşah: “Sən, padşahı aldatmağın cəzasının ölüm olduğunu heç düşünmədin?!”, – deyərək qışqırır. Padşahın qəzəbindən lərzəyə gələn sarayda hamı sakit dayanmışdı. Elə bu vaxt astaca qapı aralanır. İçəri heç tanımadıqları bir yaşlı, nurani adam daxil olur. Padşahın hiddətləndiyini gördüyü üçün kirimişcə keçib bir tərəfdə dayanır.
Padşah üzünü vəzirlərə tutub: “İndi bu adama nə cəza verək?”, – deyir. Baş vəzir deyir: “Padşah sağ olsun, kəlləsini vur, bədənini şaqqalat, sonra da hissələrini çəngəllərdən as”ş Bunu eşidən yaşlı adam: “Əslinə çəkib” – deyir. Sonra ikinci vəzir söz alır. O, da iynəli çəlləyə atmağı təklif edir. Yenə yaşlı adam: “Əslinə çəkib” – deyir. Padşahın nəzəri üçüncü vəzirə zillənir. O: “Padşah sağ olsun, adam ehtiyacı olduğu üçün belə etdiyini etiraf elədi. Verilən xələt sizin xəzinənizi azaltmaz. Mərhəmət edin, bağışlayın. Ailəsini başsız qoymayın. Buraxın, getsin”, – deyir. Yaşlı adam yenə: “Əslinə çəkib” – deyir. Padşah qərarsız qalır. “Götürün aparın, gözümdən rədd edin, sonra qərar verəcəm” ,– deyir. Əslində padşahın ağlı yaşlı adamın “əslinə çəkib” sözünə ilişibmiş. Hamının hüzurdan ayrılmasını əmr edir. Təəccüblə qocaya soruşur: “Sən niyə hər dəfə vəzilərin cavabına “əslinə çəkib” dedin?” Qoca: “Baş vəzirin atası qəssab idi. Ona görə də o, kəsib-tökməklə əlaqəli qərar verdi. İkinci vəzirinin atası isə yorğan sırıyan idi. O, da iynəli çəlləyə atmağı təklif elədi. Üçüncü vəzirin atası isə alim idi. O, da bağışlamağı məsləhət gördü. Yəni onların hər biri əslinə çəkib, ona görə qərar verdilər. Sənə tövsiyəm odur ki, üçüncü vəziri başa gətir. Dövlət işləri hikmət və ədalətlə yürüsün. Digərlərini də özündən uzaqlaşdır, çünki onlar hər zaman səni yanılda bilərlər. O ki qaldı mənə, mən də Xızıram. “Qul darda qalmasa, Xızır yetişməz” deyiblər. Mən də o kasıbın kəlləsini qurtarmaq üçün gəlmişəm”, – deyir və bir anda gözdən itir…
İdeal köməkçilər…
İdeal məsləhətçi və ya köməkçi rəhbərin yanlış addım atmasına imkan verməməlidir. Gördüyü problemlərin və qarşılaşılan çətinliklərin həlli yollarını araşdırmalı və bunu rəhbərə bildirməlidir. Aşağıdakılardan (işçilərdən və ya digər şəxslərdən) gələn təklif və iradları şəxsi düşüncələrini qarışdırmadan birbaşa rəhbərliyə çatdırmalıdır.
Təəssüf ki, bu, yaşadığımız dövrdə idarəetmə strukturunda önəmli çatışmazlıqlardan biridir. Bu da nəticədə rəhbər ilə aşağıdakı personal arasında qopuqluğa səbəb olur. Savadlı və aparıcı mütəxəssislər öz təkliflərini sərbəst şəkildə yuxarı çatdıra bilmədiyi üçün etiraz səsləri yüksəlir və ya dəyər verilmir deyə ayrılırlar. Digər tərəfdən rəhbər də haqlı ikən haqsızlıq etmiş kimi görünür. Əsas məqsədini və hədəflərini işçiləri ilə səmimi şəkildə paylaşa bilmir. Nəticədə iş prosesində faydalılıq əmsalı aşağı düşür…
Buna görə də rəhbər vəzifədəki şəxslər şəffaflığı təmin etməli, lazım gələndə hər kəsin fikrini, arzu və şikayətlərini dinləməlidir. Arada keçilməz maneələrin əmələ gəlməsinə fürsət verməməlidir…
Rəhbər, köməkçi kimi işə götürəcəyi şəxslərin keçmiş təcrübələrinə, biliyinə, iş qabiliyyətinə və bacarığına diqqət etməli, buna görə yerləşdirmə etməlidir. Qohumluq, yaxınlıq, dostluq kimi amillər seçim səbəbi olmamalıdır. İnsanın tanışlarına əl tutması, onlara qarşı insaflı olması gözəldir. Ancaq iş prosesində yubanmalara səbəb olacaqsa, bundan uzaq qalmaq lazımdır. Əks təqdirdə işdən başı çıxmayan səriştəsiz şəxslər işə yük olacaq, bir müddət sonra tutduğu vəzifəni itirməmək üçün fərqli yollara əl atacaqlar. Üstəlik, onlar heç vaxt rəhbərin səhvini üzə deməzlər. Əsasında rəhbərin də onlara baxışı fərqli olur. Onların sadiq və özünə hörmət edən insan olmasını gözləyər. Belə şəxslərin gözləri daha yuxarılarda olduğu üçün bütün yolları “mübah” görərək, hər cür hiyləyə ət atarlar. Beləcə onlar özləri üçün mənfəət çarxı qursalar da, vaxt keçdikcə idarəetmə və sistem çökməyə başlayar…
Bu yönü ilə rəhbərlər yardımçı seçərkən emosiyalarını bir tərəfə qoyaraq, qabiliyyətli insanlara şərait yaratmalı, geniş perspektivdən baxan insanları köməkçi seçməlidirlər. Köməkçilər potensial təhlükələri və yanlış atılan addımları deyəndə də hislərinə hakim olaraq tərəfsiz dinləməlidirlər. Bəzən aşağıdakı işçilərin də fikirlərini almalı, fərqli təklif və prosesə etiraz edənləri də dinləməyi bacarmalı, müxtəlif yollarla sistemi analiz etməlidirlər.
Könüllülük prinsipi ilə işləyən içtimai təşkilatlarda da insanlarla rəhbərləri arasında da fərqində olmadan maneələr əmələ gələ bilər. İnsanlar istək və təkliflərini, məruz qaldıqları çətinlikləri, aradakı köməkçilər ucbatından rəhbərə çatdıra bilmədikləri üçün dəyərsiziləşdiyini düşünə və ayrıla bilərlər. Buna görə də rəhbərlər vaxtaşırı hər kəsin fikrini sərbəst ifadə edəcəyi toplantı və müzakirələr təşkil edərək hər kəsə söz haqqı verməlidir. Etirazlar hörmətsizlik kimi qəbul edilməməlidir…
Həzrət Əbu Bəkir xəlifə seçiləndə ilk xütbəsində insanlardan ağır bir məsuliyyətin altına girdiyini və yanlışlarının çəkinmədən düzəldilməsini istəyir. İnsanlar bir ağızdan: “Biz səni əyri qılınclarımız ilə düzəldərik”, – deyirlər.
Nəticə olaraq deyə bilərik ki, Həzrət Musa kimi bir peyğəmbər Allah-Təaladan özü üçün yardımçı tələb edirsə, bizim daha çox köməkçi və məsləhətçilərə ehtiyacımız var. O, Allahdan vəhy alırdı və fətanət sahibi idi. Biz peyğəmbərdən fərqli olaraq yardımçı seçərkən diqqətli olmalı, bizə təzim edib, tərif yağdıran, yanlışlıqlara əngəl olmayan insanlardan uzaq olmalıyıq. Fərasətli, səhvləri üslubuna uyğun şəkildə dilə gətirən, yeri gələndə etiraz etməyi bacaran insanlardan mütəşəkkil heyət təşkil etməkdə fayda var. Belə olarsa, rəhbərlər zəif yönlərinin altında qalıb əzilməz, idarə etdikləri müəssisənin də rentabelliyini də artırmış olarlar…
Meneviyyat.az


