“Leopard”ların Ukraynaya tədarükü iflasa məhkum ideyadır və heç nəyi dəyişməyəvək”

“Tanklar tədarükü ilə Ukrayna Silahlı Qüvvələrinin potensialının güclənəcəyi barədə fikirlər həddən artıq şişirdilib…”

 

“Bu tanklar da başqaları kimi yanacaq, amma onlar çox bahadır, Avropa vergiödəyicilərinin çiyinlərinə düşəcək, Amerika isə yaxşı mənfəət götürəcək…”

 

“Leopard” pis deyil, amma Rusiyanın “T-90″ tanklarından geridə qalır…”

 

“Ukraynaya silah tədarükü Krım da daxil olmaqla itirdiyi ərazilərin geri qaytarılmasında kömək edəcək…”

 

Rusiya rəsmiləri Almaniya və ABŞ-ın Ukraynaya ağır zirehli texnika tədarükü barədə qərarına münasibət bildirib. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Amerikanın “Abrams” və Almaniyanın “Leopard” tanklarının göndərilməsi ideyası texnoloji səbəblərə görə kifayət qədər “iflasa məhkum” ideyadır.

 

Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.

 

“Bununla Ukrayna Silahlı Qüvvələrinə əlavə potensial veriləcəyi barədə fikirlər açıq-aydın və tamamilə şişirdilmiş dəyərləndirmədir”,  – Peskov deyib.

 

Bu zaman o, qeyd edib ki, Almaniya və ABŞ-dan “KİV-lər tərəfindən bir-birinə zidd olan çoxsaylı bəyanatlar və məlumatlar, sızmalar və s.” gəlməkdədir.

 

“Aydındır ki, orada heç də hər şey hamar deyil, alyansın özündə də hər şey hamar deyil, tankların olması ilə bağlı da hər şey hamar deyil”, – o, deyib.

 

O, həmçinin Ukraynaya göndəriləvək ağır tankların qiymətinin yüksək olduğunu qeyd edib.

 

“Bu tanklar da başqaları kimi yanacaq. Amma onlar çox bahadır, bütün bunlar ilk növbədə Avropa vergiödəyicilərinin çiyinlərinə düşür və düşəcək. Amerikalılar, həmişə olduğu kimi, böyük ehtimalla, ən azı özlərinə yaxşı mənfəət götürəcək”, – Kremlin mətbuat katibi deyib.

 

Həmçinin Rusiya Dövlət Duması müdafiə üzrə komitəsinin rəhbəri Andrey Kartapolovun fikrincə, Ukraynaya alman “Leopard” tanklarının tədarükü ilə döyüş əməliyyatlarının gedişində güclü dəyişikliklər olmayacaq, “əsaslı heç nə baş verməyəcək”.

 

“Tankları öyrənmək lazımdır, ukraynalı ekipajlar hazırlanmalıdır, onlar üçün təminat və xidmət sistemi yaratmaq lazımdır”, –  o, deyib. 

 

Kartapolov güman edib ki, Kiyevə hərbi texnikanın yeni nümunələri nə qədər çox tədarük edilərsə, Ukrayna Silahlı Qüvvələri üçün təchizat və texniki xidmətlə bağlı bir o qədər çətinliklər yaranacaq.

 

Bundan başqa, Kartapolovun sözlərinə görə, “Leopard” tankları pis deyil, bəzi xüsusiyyətlərinə görə Amerikanın “Abrams”larından daha effektlidir, lakin “Rusiyanın “T-90″ tanklarından atəş gücü və zirehli müdafiədə” geri qalır.

 

Bu arada isə Almaniya kansleri Olaf Şolts rəsmən bəyan edib ki, Almaniya “ilk addım kimi” Ukraynaya 14 “Leopard” tankı verir, yaxın zamanlarda ukraynalı hərbi qulluqçularına onların idarə edilməsilə bağlı təlimlərə başlanılacaq. Berlin həmçinin maddi-texniki təminat və döyüş sursatları verəcək.

 

ABŞ prezidenti Co Bayden Şoltsa minnətdarlıq edib və Amerika administrasiyasının Ukraynaya çoxdan gözlənilən “Abrams” tanklarının verilməsi barədə qərarını elan edib. O, vurğulayıb ki, bu tanklar Rusiyaya hücum üçün istifadə edilməyəcək.

 

Baydenin sözlərinə görə, Kiyevə 31 tank göndəriləcək. Amerika prezidenti vurğulayıb ki, Ukraynaya silah tədarükü Krım da daxil olmaqla itirdiyi ərazilərin geriyə qaytarılmasında kömək edəcək.

 

Bundan başqa, o, məlumat verib ki, ABŞ Rusiyanın yaxın  həftələrdə Ukraynada hücum əməliyyatlarının gücləndirilməsini gözləyir.

Mənbə

Share: