Naxçıvanda yaşayış binasında yanğın söndürülüb – VİDEO – FOTO – YENİLƏNİB

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 2-ci mikrorayonda yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və yanğın dərhal əraziyə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyü 400m² sahədə yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib, xəsarət alan olmayıb.

 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

17.23

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

17.02

Naxçıvanda yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hazırda soyutma işləri aparılır.

Naxçıvan FHN-in Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi Mirtaleh Seyidov jurnalistlərə açıqlamasında deyib ki, bu gün saat 15:30 radələrində Naxçıvan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının çardaq hissəsində yanğın başlaması ilə bağlı məlumat daxil olub.

Çağırış daxil olduqdan dərhal sonra 10 ədəd yanğınsöndürmə avtomobili və bir xüsusi təyinatlı yanğınsöndürmə nərdivanı hadisə yerinə cəlb olunub. Qısa müddətdə yanğının genişlənməsinin qarşısı alınıb, digər yaşayış mənzillərinə keçməsinə imkan verilməyib.

M. Seyidov hadisə zamanı xəsarət alanın olmadığını, hadisənin baş vermə səbəblərinin araşdırıldığını qeyd edib.

 

***

16.36

Fövqəladə Hallar Nazirliyi Naxçıvanda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

 

***

16.16

 

Naxçıvan şəhərində yaşayış binası yanır.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin 2-ci mikrorayonunda, Əlincə məhəlləsi, 20 ünvanında yerləşən binada qeydə alınıb.

Yanğının binanın damında başladığı bildirilir.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür. Bina sakinləri təxliyə olunub.

 

Naxçıvanda yaşayış binasında yanğın söndürülüb  - VİDEO  - FOTO  - YENİLƏNİB-2 Naxçıvanda yaşayış binasında yanğın söndürülüb  - VİDEO  - FOTO  - YENİLƏNİB-2

Mənbə

Share: