“Neftçi”nin ilk çempionluğundan 27 il keçdi

“Neftçi” ilk Azərbaycan çempionluğunu 1992-ci ilin bu günündə rəsmiləşdirib.

Qol.az-ın məlumatına görə, hazırda komandanın məşqçilərindən olan İqor Getman həmin çempionluqda əsas pay sahiblərindəndir. Çempionatda 28 oyunda meydana çıxıb, 1 qol vurmuş müdafiəçi klubun rəsmi saytına müsahibəsində həmin ili canlandırmağa çalışıb:

– “Neftçi” ilə 3 dəfə – 1992-ci, 2004-cü və 2005-ci illərdə Azərbaycan çempionu olmusuz. Yəqin ki, ilk çempionluq daha əzizdir…

– Bəli, ilk çempionluq həmişə yaddaqalan olur. Amma onun daha yaxşı və ya daha əziz olduğunu deyə bilmərəm. Çünki hər çempionluq futbolçu üçün böyük şərəfdir. Çempionluqların üçü də mənə əzizdir.

– Həmin çempionatda meydana çıxdığınız 28 oyundan hansı daha yaddaqalan olub?

– Sözün düzü, hər oyunu ayrı-ayrılıqda xatırlamıram. Yadımdadır ki, biz SSRİ çempionatını yenicə tərk etmişdik, çox yaxşı futbolçularımız vardı. Ümumiyyətlə, həmin heyət çox güclü idi.

– “Turan”la çempionluğu rəsmiləşdirdiyiniz oyunda da 90 dəqiqə meydanda idiniz…

– Bilirdik ki, çempion olmağa çox yaxınıq. Ona görə də gərginlik çox yüksək idi. Oyunun gedişində hesabda geri düşdük. Bununla belə, cavab qolunu vura bildik, Samir Ələkbərov fərqləndi. Heç-heçə bizi qane etsə də, qalib gəlmək istəyirdik. Düzdür, qələbə qazana bilmədik, amma bu heç-heçə çempionluq üçün kifayət etdi. Sevincimizin həddi-hüdudu yox idi.

– Bəs həmin mövsüm vurduğunuz yeganə qolu necə xatırlayırsız? Sabirabad “İnşaatçı”sının qapısından keçirilmiş 7 qoldan (7:1) birinin müəllifi sizsiniz…

– Etiraf edim ki, həmin qolu xatırlamıram. Əslində, vurduğum qollardan heç biri yadımda deyil. Müdafiəçinin əsas vəzifəsi müdafiə olunmaq və irəli xətdəki futbolçuları topla təmin etməkdir ki, onlar qol vursunlar. Əgər mövsüm ərzində qol vururdumsa, bu, uğur sayılırdı.

Share: