Prezident Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri qlobal sülhə töhfə olub

Misirli politoloq Əhməd Əl-Muslumani “Əl Həyat” telekanalında yayımlanan “Birinci buraxılış” proqramında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən bəhs edib.

Moderator.Az “Dustur” nəşrinə istinadla xəbər verir ki, misirli politoloq bu səfərin təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də qlobal sülhün möhkəmlənməsi nöqteyi-nəzərindən mühüm olduğunu deyib. O bildirib ki, Azərbaycan hazırda Misirin də təsisçilərindən biri olduğu Qoşulmama Hərəkatına uğurla sədrlik edir və beynəlxalq aləmdə nüfuzlu dövlətlərdən birinə çevrilib. İkitərəfli əlaqələrdən danışan Əl-Muslumani qeyd edib ki, 2026-cı ildə Misir və Azərbaycan arasında Hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək və həmin dövrədək dövlət başçıları arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planının icrası, həmçinin əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Misirli politoloq əlavə edib: “Azərbaycan qısa zamanda Asiyada və Şərqi Avropa regionunda mühüm dövlətlərdən birinə çevrilib və böyük nüfuza malikdir. Paytaxt Bakı isə dünyanın ən gözəl şəhərlərindən biridir. Bu ölkə ilə əlaqələrin inkişafı Misir üçün çox əhəmiyyətlidir. Prezident Əs-Sisi Misirin Azərbaycana səfər edən ilk dövlət başçısı oldu. O, bu səfər zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə dünyaya sülh mesajları verdi”.

Əl-Muslumani vurğulayıb ki, rəsmi Qahirə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına töhfə verməyə hazırdır və Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar çərçivəsində diplomatik səyləri dəstəkləyir.

Mənbə

Share: