“Qərb unutmasın ki, “kitab yandırılan yerdə gec-tez insanları da yandırırlar…”

 

Yəhudi əsilli alman şairi Henrix Heynenin (1797-1856) məşhur bir fikri var: “Dort, wo man Bücher verbrennt, verbrennt man am Ende auch Menschen”. Təxminən belə tərcümə etmək olar: Haradakı adam kitabları yandırır, axırda həmin adam orada insanları da yandırır.

Martin Lüter 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezislə çıxış etmişdi. O,  alman protestantlığının (lüteranlıq) banisi kimi tanınır.

1817-ci ildə alman tələbə birlikləri (Burschenschaften) Martin Lüterin 95 tezisinin 300-cü ildönümünü münasibəti ilə tədbir keçirdilər. Parçalanmış Almaniyanın birləşməsini arzu edən tələbələr alman birliyinə qarşı olan “qeyri-alman” hesab etdikləri antimilli və mürtəce mətnləri və ədəbiyyatı yandırdılar.

Henrix Heynenin yuxarıda vurğuladığımız fikri məhz həmin olaylara etirazdan doğmuşdu.

1933-cü il. Mayın 10-da faşist Almaniyası paytaxt Berlində nəhəng kitabyandırma kampaniyası keçirdi. 40 min nəfərin iştirakı ilə keçirilən kampaniyada 25 min kitab yandırıldı. 34 universitet bu aksiyaya qoşuldu.

Tanınmış sosialistlər Bertolt Brecht,  August Bebel, kommunizm  ideyasının müəllifi Karl Marx, dramaturq Arthur Schnitzler, Nobel mükafatı almış Thomas Mann, Amerika yazıçıları Ernest Hemingway,  Jack London, Theodore Dreiser və Helen Keller-in  əsərlərinə od vuruldu.

Tarixdən o da məlumdur ki, Çində Qin sülaləsi taxtda olanda (bizim eradan əvvəl 213-210) kitabları yandırıb, Monqollar 1258-ci ildə Bağdadı işğal edəndə “Müdriklər Evi” kimi tanınan kitabxananı külə çevirib. İspan din xadimi Diego de Landa müstəmləkəçi qismində Amerikadakı  Astek və Maya (1562) kitablarının külünü göyə sovurub.

1244-cü ildə isə Fransanın paytaxtı Parisdə yəhudilərin müqəddəs kitabı olan Tövrat və onunla bağlı nadir əlyazmalara od vurulub…

Əlbəttə, onlarla digər faktları da sadalamaq olar. Ancaq fakt budur ki, kitab yandırılan yerdə insanlıq ölüb, mədəniyyət tənəzzülə uğrayıb, cəhalət at oynadıb.

Qərb ölkələrində Quranın yandırlması da bu qəbildəndir. Və bunun “ifadə azadlığı”na heç bir aidiyyəti yoxdur…

Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti Duayt Devid Eyzenhauer (1953-1961) deyirdi: “Don’t join the book burners!” Yəni kitabyandıranlara qoşulmayın. İndi Qərbdə kitabyandıranlar ən yüksək səviyyədə müdafiə olunur. Məsələn, NATO-nun norveç əsilli baş katibi Yens Stoltenberq buyurur ki, İsveçdə Quranın yandırlması fikir azadlığının nümunəsidir.

Almaniyanın “Welt TV”-yə müsahibəsində cənab Stoltenberq qeyd edib ki, ifadə və fikir azadlığı digər NATO ölkələrində olduğu kimi İsveçdə də dəyər kimi qəbul olunur. O, utanıb-qızarmadan bu hərəkətə görə İsveçin NATO-ya daxil olmasını arxa plana keçirən Türkiyəni ittiham edib…

Düşünün ki, Qərbdə  lesbian, gay, bisexual və transgender (LGBT) haqları müqəddəs sayılır. Birinin həddi nədir ki, bu qəbildən olan birisinə güldən ağır söz desin. Bütün ölkəni ayağa qaldırarlar. Ancaq 1 milyarddan çox müsəlmanın dini hisslərini, özü də ən barbar formada təhqir etmək fikir azadlığıdır. Bir LGBT təmsilçisinə etiraz etmək isə təhqirdir…

Bu məsələdə də Qərb ikiüzlülük edir. Qərbə lazım olanda kitabyandırmaq vəhşilik sayılır, Quranı yandıranda isə bu, fikir azadlığı kimi təbliğ olunur. Sizin məntiqinizə quzu kəsim…

Hamısı qələt eləyir. Bu nala-mıxa vuranları boş verin. Henrix Heynenin “Hardakı adam kitabları yandırır, axırda həmin adam orada insanları da yandırır”, fikrinə inanın. Bəşəriyyətin tarixi bunu dönə-dönə sübut edib ki, kitab yandıranlar həmin o kitabdakı düşüncələrə, fikirlərə, ideyalara nifrət edirlər. Yəni bu aksiya nifrətin açıq-aşkar nümaiyişidir.

Qərbdə İslama və Qurana nifrət edənlər az deyil. Bunu haradasa başa düşmək olar. Çünki müsəlmanlar arasında da xristianlara ikrahla baxanlar var. Ancaq o boyda NATO-nun baş katibinin çıxıb Quran yandıran ekstremist birinə bəraət qazandırması böyük bir biabırçılıqdır…

Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist

Mənbə

Share: