Qərbin Azərbaycana qarşı yeni planı: Ermənistan yenə alət rolunda

Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen və ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşəcək. Görüşdə Ermənistana yardım məsələsi müzakirə olunacaq.  

 

Ekspertlər görüşdə Qərbin Ermənistanı Azərbaycana qarşı təxribatları artırmağa sövq edəcəyini düşünür. 

 

Həmçinin, görüş Ermənistan parlamentinin Azərbaycanla sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməsi fonunda keçirilir. Missiya 2023-cü ilin əvvəli yaradılıb, sonunda isə genişləndirilib. Sözügedən missiyanın mülki şəxslərdən ibarət olması nəzərdə tutulsa da, sonradan sərhəd göndərilən qüvvələrin hərbiləşdirilmiş olduğu aşkarlanıb. 

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Modern.az-a bildirib ki, Blinken-Layen-Paşinyan görüşü zamanı Ermənistana əlavə təhlükəsizlik təminatlarının veriməsi aşkar şəkildə ona işarədir ki , Ermənistanı regionda qarşıdurmaya  hazırlayırlar:

 

“Çünki bundan öncə Gürcüstana, Ukraynaya oxşar təhlükəsizlik təminatları verilmişdi. Biz gördük ki, həm Gürcüstan, həm də Ukrayna Rusiya ilə qarşıdurma vəziyyətinə gəldi. Ermənistana da indiki halda belə bir təminatın verilməsi Cənubi Qafqaz regionu üçün çox ciddi təhlükələrin yaradıldığına işarədir. Qərb heç vaxt  səbəbsiz yerə, özünün orada maraqları olmadan heç kimə təhlükəsizlik təminatı verməz. Ermənistanın intensiv şəkildə silahlandırılması və Ermənistanın geosiyasi mübarizənin alətinə çevrilməsi bütün  region ölkələrini əhatə edəcək çox ciddi təhlükələrdən xəbər verir.

 

Ermənistan vasitəsi ilə Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhənin açılması istiqamətində Qərb ciddi cəhdlər etməkdədir. Vaxtilə Paşinyanın hakimiyyətə gətirilməsinin əsas səbəbi ondan ibarət idi ki, onun qarşısına Ermənistanı  Rusiyada uzaqlaşdırmaq vazifəsi qoyulacaq. Paşinyan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın fəaliyyətinin dondurulduğunu  bəyan edir. O 2018-ci ildə hakimiyyətə gələn kimi KTMT-nin erməni əsilli baş katibi Xaçaturova qarşı cinyaət işi başlatdı. Bu KTMT-nin nüfuzuna çox ciddi zərbə idi. Sonra isə KTMT-nin toplantılarını  boykot etdi. Paşinyan o mövqedədir ki , Avrasiya İqtisadi İttifaqı da Ermənistan üçün çox da uğurlu bir platforma deyil. Lakin Avrasiya İqtisadi İttifaqına üzv olmaq Ermənistana ciddi iqtisadi dividendlər gətirir. Qərb hələlik o dividendləri əvəz edəcək bir şey vəd etmədiyi üçün Paşinyan öz ölkəsini Avrasiya İqtisadi İttifaqında saxlamaq məcburiyyətindədir.  Amma NATO ilə sıx əməkdaşlığın qurulması, Ermənistanın  hərbi siyasi yönünün Qərbdən müəyyənləşməsi aydın göstərir ki, Ermənistan Qərbin geosiyasi mübarizəsinin aləti olmağa tam hazırdır. Bunu Paşinyan və onun komanda üzvləri siyasi bəyanatlarında ifadə edirlər. Ermənistan Qərbin əlində bir alətə çevrilib”. 

 

Deputat bunun müqabilində Ermənistanın istəyinin nədən ibarət olacağı sualına da ayınlıq gətirib.

 

“Bu sualın cavabı  çox aydındır. İstəyi  ondan ibarətdir ki, Azərbaycana qarşı təxriblatlar, törətsin işğalçılıq siyasətini həyata keçirsin.  Ermənistanın Qərbdən məhz bu istiqamətdə dəstək istəyəcəyi heç şübhəsizdir. Biz bunu artıq aydın müşahidə etməkdəyik. Fransa aşkar şəkildə Azərbaycana qarşı düşmən mövqeyində durması aydın göstərir ki, Qərb Ermənistanı alət rolunda istifadə etməklə onu Azərbaycana qarşı silahlandırmaqda, qərəzli  siyasi mövqe formalaşdırmaqdadır.  ABŞ Konqresində Azərbaycan əleyhinə aşkar  qərəzli mövqeyin formalaşması da aydın şəkildə sübut edir ki, qərb Ermənistan ərazisini Rusiyaya qarşı plastarm kimi istifadə etməyin müqabilində onu Azərbaycana qarşı müdafiə edəcəkdir. Hesab edirəm ki, burada artıq bütün kartlar açıqdır. Əlavə təhlilərə proqnozlara da ehtiyac yoxdur.  Çünki bu Qərbin bir qayda olaraq istifadə etdiyi davranış tərzidir.  Hazırda Ermənistanı Gürcüstan, Ukrayna kimi istifadə olunmaqdadır. 

 

Region ölkələri bu təhlükənin ciddiliyini və miqyasını aydın dərk edir. Ona  görə bütün region ölkələrinin mövqeyi ondan ibarətdir ki, kənar  dairlər Cənubi Qafqaz regionuna müdaxilə etməməlirirlər. Lakin biz aydın görürük ki, Ermənistan belə müdaxilələr üçün bütün şəraiti yaratmağa çalışır. Amma nəzərə almaq lazımdır ki, Ermənistanın yerləşmə coğrafiyası digər coğrafiyalardan kəskin şəkildə fərqlənir. Qərb Ermənistanı qarşıdurma vəziyyətinə gətirəcəyi halda onu xilas edə bilməyəcək. Ermənistana  bu gün aktiv şəkildə silahlar verilə bilər, ancaq Azərbaycan  öz hərbi qüdrətini Ermənistana, havadarlarına göstərib. Regionun digər ölkələri də regiona kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı oxşar möqeydən çıxış edirlər.Bütün hallarda hesab edirəm ki, Ermənistan Qərb tərəfindən sadəcə olaraq qurban veriləcək.  Qərbin keçirdiyi geosiyasi ekspremt Ermənistan üçün acınacaqlı olacaq”. 

Mənbə

Share: