Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qalmaqal: Molla rejiminə gözdağı

İranda etiraz hərəkatı genişlənir…

 

İran futbolçuları İngiltərə yığması ilə oyundan öncə nümayişkaranə olaraq ölkə himnini ifa etməkdən imtina edib

 

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İran və İngiltərə yığmaları arasında oyun qalmaqalla başlayıb.

 

Etiraz əlaməti olaraq on bir futbolçudan heç biri öz ölkəsinin himnini ifa etməyib. Üstəlik, Dohada çoxminli stadion üzərində səslənən İran himnini həm iranlı,  həm də britaniyalı azarkeşlər fitə basıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “İnforeactor.ru” saytı məlumat yayıb.

 

Bundan öncə İran yığmasının oyunçusu Əlirza Cahanbaş deyib ki, oyunçular kollektiv şəkildə ölkədə nümayiş qurbanlarına dəstək olaraq himnin ifa edilib-edilməməsini həll edəcək.

 

Xatırladaq ki, İranda artıq iki aydır etiraz aksiyaları keçirilir. Dövlət quruluşu əleyhinə kütləvi iğtişaşlar “hicabın düzgün gəzdirilməməsi” səbəbindən daşa basılan Məhsə Amininin qətlə yetirilməsindən sonra başlanıb.

 

Görünür, etiraz hərəkatına İranın milli futbol yığmasının oyunçuları da qoşulub.

 

Xəbər verildiyi kimi, bu oyunda daha bir intriqa yaşanıb. FİFA qəti şəkildə İngiltərə yığmasının kapitanı Harri Keynə LGBT birliyinə dəstək olaraq əlvan sarğı taxmağı qadağan edib. Müvafiq sorğu bu ərəfədə İngiltərə Futbol Assosiasiyasından daxil olub.

 

FİFA xəbərdar edib ki, pozuntu baş verəcəyi halda kapitan sarı vərəqə alacaq. Öz imtina qərarını çempionatı təşkil edənlər kapitan sarğıları barədə mövcud reqlamentlə izah edib və bildirib ki, əlvan sarğılar təsdiq edilmiş siyahıya daxil deyil.

 

İngiltərə ilə İran arasında oyun isə 6:2 hesabı ilə İngiltərə yığmasının qələbəsi ilə başa çatıb.

Mənbə

Share: