“Qarabağda məscidlərlə yanaşı, həm də kilsələrin bərpası dövlətimizin tolerantlığının göstəricisidir”

 

Aqil Şirinov: “Azərbaycan müsəlman mirası ilə yanaşı, həm də xristian, Qafqaz-alban mirasına sahib çıxır”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə işğaldan azad edilmiş ərazilərdə məscidlərlə yanaşı, kilsələrin də bərpa edildiyini bildirib.

Azərbaycanın hansı din və mədəniyyətə aid olmasından asılı olmayaraq, bütün abidə və məbədləri bərpa etməsi, onları qoruması dövlətimizin humanizminin, multikultural və tolerant dəyərlərə sahib olmasının göstərici kimi xarakterizə oluna bilərmi?

Milletinsesi.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Təbii ki, işğaldan azad edilən ərazilərimizdə məscidlərlə yanaşı, həm də kilsələrin bərpa edilməsi Azərbaycan dövlətinin tolerant siyasətinin nəticəsidir. Azərbaycan işğaldan azad edilən torpaqlarda yalnız müsəlman mirasına sahib çıxmır, eyni zamanda xristian mirasına, Qafqaz-alban mirasına da sahib çıxır.

Ermənilər bizim məscidlərimizi dağıtmaq, onları tövləyə çevirməklə yanaşı, eyni zamanda Qafqaz-alban irsinə qarşı da barbarlıq nümayiş etdiriblər. Bu abidələr üzərində dəyişikliklər etməyə cəhd göstəriblər.

Azərbaycan dövləti ölkədəki bütün dinlərin nümayəndəsinə qarşı eyni siyasəti yürüdür. Onların hamısına qayğı ilə yanşır. Bu baxımdan işğaldan azad edilən torpaqlarda dövlətimiz müsəlman irsi ilə yanaşı, xristian irsinə də sahib çıxır. Məscidlərlə yanaşı, xristian abidələrinin də bərpası buna nümunədir.

Bu yanaşma Azərbaycanla Ermənistanın fərqini göstərir. Azərbaycan bütün dinlərə qarşı daim tolerantlıqla yanaşıb. Ermənistanda isə bunun tam əksini görürük. Ermənistanda yüzlərlə müsəlman məbədi dağıdılıb. Məscidlərimiz, ziyarətgahlarımız viran edilib. Bu gün ancaq İrəvanın mərkəzində yalnız bir ibadət ocağı – Göy məscid fəaliyyət göstərir ki, onu da İran məscidi kimi təqdim etməyə çalışırlar. Halıbuki, onun İranla heç bir əlaqəsi yoxdur.  Göy məscid qədim Azərbaycan məscididir. İrəvanda, Qərbi Azərbaycan ərazisində onlarla məscid olub. Bu məscidlərin demək olar ki, heç biri qalmayıb. Göyçə, Dərələyəz və digər mahallarımızda, eləcə də Qərbi Zəngəzurda onlarla ibadətgahımız ermənilər tərəfindən dağıdılıb. Azərbaycan dövləti isə bütün dinlərə, bu dinlərə məxsus abidələrə tolerantlıqla yanaşır. Bu gün Bakının mərkəzində erməni kilsəsinin mövcudluğu buna nümunədir. Həmin kilsədə minlərlə erməni dilində kitablar saxlanılır. Bu kitablar da, həmin kilsə də dövlətimiz tərəfindən mühafizə olunur.

Bir sözlə, Azərbaycan dövləti öz ənənəvi tolerantlıq siyasətini bu gün də davam etdirir. İşğaldan azad edilən torpaqlarımızda bərpa edilən hər bir dini abidə bu siyasətin göstəricisidir”.

Seymur ƏLİYEV

Mənbə

Share: