Sərxoş dipomatın imzaladığı pakt – Stalin yapon naziri Moskvadan məmnun yola salıb

 

1941-ci ilin əvvələrində xarici kəşfiyyatın Kremlə ötürdüyü məlumatlarda Almaniyanın SSRİ-yə hücum planının reallaşacağı konkret faktlarla və dəfələrlə öz əksini tapıb. Elə rəsmi Moskva da müharibənin qaçılmaz olduğunu yaxşı dərk edib. İosif Stalini ciddi narahat edən məsələ isə SSRİ-yə qarşı ikinci cəbhənin şərq istiqamətindən, Yaponiya tərəfindən açılacağı olub. Bu baxımdan Moskvanın Tokio ilə qarşılıqlı anlaşması Kreml üçün vacib məsələ sayılıb. Əslində Stalin Yaponiyanın diplomatik münasibətlərdə səmimi olacağına çox da inanmayıb. Çünki Yaponiya 3-cü Reyxin müttəfiqi olub. Amma hər halda sovet lideri rəsmi Tokionun neytral mövqe tutmasına cəhd edib…

Münasibətlərə aydınlıq gətirmək üçün 1941-ci ilin aprel ayında Yaponiyanın xarici işlər naziri Yosuke Matsuoka SSRİ-yə rəsmi səfər edib.

regnum_picture_159413139791305_big.jpg (110 KB)

Aprelin 8-də 11 gün yol gələn qatarı Moskvanın Belarus vağzalında SSRİ Xarici İşlər Nazirliyinin rəhbərləri qarşılayıblar. Yaponiyalı nazir üçün xüsusi proqram hazırlanıb, teatr, muzey, arxitektura nümunələri ilə tanışlıq, Leninqrada bir günlük səfər və s. Səfərin sonuncu günündə, aprelin 13-də Stalin Matsuokanı Kremldə qəbul edib. Araşdırmaçıların qənaətinə görə, bu qəbul əsl teatr səhnəsini xatırladıb. Əsas rolları isə Stalinlə Matsuoka oynayıblar.

Əsas məsələnin və müzakirənin nədən ibarət olmasını hər iki tərəf yaxşı bilsə də, həm Stalin, həm də Matsuoka görüşün əsas hissəsində bir-birinin üzünə gülümsəyərək öz adət-ənənlərindən, məsələyə aid olmayan mövzulardan danışıblar. Stalin özünü elə aparıb ki, guya Almaniyanın SSRİ-yə hücumu zamanı Yaponiyanın mövqeyi onun üçün o qədər də önəmli deyil. Ancaq bu məsələ həmin dövrdə Stalin üçün ən vacib məsələ sayılıb. Yaponiyalı nazir isə ölkəsinin Almaniya ilə müttəfiq olmasını dilə gətirməklə öz mövqeyini bildirib. Amma o, bu fikirləri ilə süni bir səhnə yaradıb. Çünki Matsuokanı və ümumilikdə Yaponiyanı SSRİ-yə hücumun yaradacağı fəsadlar ciddi çəkildə qorxudub.

33057-entry-5-1618319751.jpg (125 KB)

Nəhayət, görüşün son mərhələsində tərəflər açılışıblar, Yaponiya ilə Sovet İttifaqı arasında neytrallıq paktı imzalanması ilə bağlı müzakirələr başlanıb. Matsuoka səfər zamanı öz ölkəsinin rəsmiləri ilə əlaqə saxladığını, neytrallıq paktının imzalanmasına razı olduqlarını bildirib. Stalin üçün vacib olan bu razılığa sovet lideri böyük minnətlə cavab verib:

– Əlbəttə, biz də bu sənədin imzalanmasına razıyıq. Çox hörmətli qonaq ölkəmizə təşrif buyurub, onun təklifindən imtina etmək siyasi etikadan uzaq olardı.

Sənədlərin imzalanmasından dərhal sonra Kremldə yaponiyalı nazirin şərəfinə ziyafət verilib. Növbəti teatr səhnəsi də ziyafət zamanı yaranıb. Amma bu “teatr”da baş rolda yalnız bir nəfər olub – Matsuoka. Yaponiyalı nazir bir neçə qədəh içdikdən sonra tost demək qərarına gəlib və üzünü Stalinə tutub:

– Biz razılıq əldə etdik, sənədlər imzaladıq. Bu sənədlərdə heç bir yalan olmayacaq. Əgər biz tərəfdən olacaqsa, sizə söz verirəm ki, mən öz başımı sizə verəcəyəm. Əgər siz tərəfdən bir yalan olsa, onda sizin başınız üçün Moskvaya gələcəyəm.

33057-entry-7-1618319751.jpg (85 KB)

Stalin sərxoş vəziyyətdə olan Matsuokanın tost-xəbərdarlığını cavabsız qoymayıb:

– Mənim başım mənim ölkəm üçün vacibdir, o cümlədən sizin başınız da sizin ölkəniz üçün. Gəlin arzu edək ki, başlarımız çiyinlərimizin üstündə qalsın.

Ziyafət daha bir neçə saat davam edib. Matsuokanı ziyafətdən qollarına girib çıxarıblar.

30 illik hakimiyyəti dövründə Stalin heç vaxt xarici ölkələrin dövlət başçılarını, nümayəndə heyətini hava limanında, vağzallarda nə qarşılayıb, nə də yola salıb. Sovet lideri yalnız bir dəfə, 1941-ci ilin aprelin 13-də Matsuokanı dəmiryol vağzalında yola salmağa qərar verib və bu mərasim bir saatdan artıq davam edib. Matsuokanı vaqona mindirdikdən sonra o, bir neçə dəfə yerə düşərək Stalini qucaqlayıb, ona “qonaqpərvərliyinə” görə dəfələrlə təşəkkür edib.

33057-entry-3-1618319751.jpg (146 KB)

Yolasalma mərasimində maraqlı məqamlardan biri də Almaniyanın Moskvadakı səfiri Şulenburqun iştirakı olub. Stalin almaniyalı diplomatın yaxınlıqda dayandığından istifadə edib Matsuokaya daha bir maraqlı fikir söyləyib:

– Sən asiyalı, mən asiyalı. Biz bir yerdə olsaq Asiyanın bütün problemləri həll olunacaq.

Beləliklə, Matsuoka sonuncu dəfə Stalini qucaqlayaraq mahnı oxuya-oxuya çox çətinliklə vaqona minib.

Vyaçeslav Molotov öz xatirələrində yaponiyalı nazirin Moskvaya səfəri haqqında yazıb:

“Matsuokanın SSRİ-yə səfəri zamanı Stalin sözün əsl mənasında özünəməxsus diplomatik gedişlər etdi. Matsuoka əvvəlcə şəhəri gəzdi, teatra getdi, Leninqrada səfər etdi. Sonda biz onu içirtdik. İçdi, mahnı oxudu, səndələyə-səndələyə vaqona mindi. Bunlar siyasi baxımdan qeyri-ciddi görünə bilər. Amma nəticə ciddi oldu, Yaponiya SSRİ-yə hücum etmədi…”

33057-entry-1-1618319751.jpg (124 KB)

Yaponiya ilə SSRİ arasında neytrallıq paktının imzalanması Hitlerin qəzəbinə səbəb olub, fürer müttəfiqlərinin belə bir addım atacağını gözləməyib.

Qeyd edək ki, 1941-ci ilin iyul ayında Yaponiyanın baş naziri Konoe Fumimaro istefa verəndə və nazirlər kabineti buraxılanda Matsuoka da xarici işlər naziri vəzifəsindən kənarlaşdırılıb və aktiv siyasətlə məşğul olmayıb. Matsuoka 1945-ci ildə amerikalılar tərəfindən həbs edilib və Uzaq Şərq beynəlxalq hərbi tribunalına verilib. O, 1946-cı ildə proses sona çatmamış vəfat edib. /Musavat.com/

Mənbə

Share: