Sabir Rüstəmxanlı xalqımızı təbrik etdi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xalqına təbriki:

“Əziz soydaşlarım!

Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram. İkinci ildir ki, bu bayramı Xalqımızın Birliyi, Həmrəyliyi və Müzəffər Ordumuzun qətiyyəti ilə torpaqlarımız işğaldan azad edilməsi sevinci ilə qarşılayırıq. Bütün böyük hərbi qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyidir. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşmək bacarığını nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini fərqlərə baxmayaraq, bütövləşdi. Və nəticədə, Ermənistanın hərbi məğlubiyyətinə nail olduq. Bu xalqın birliyinin və həmrəyliyinin təntənəsi idi. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və bir çox kəndimiz işğalda qalsa da, məhz xalqıızın birlik, həmrəylik gücünə güvənərək inanırıq ki, yaxın vaxtlarda onların da ölkəmizin bütövlüyünə qoşulması ilə ərazimiz tam bərpa olunacaq. Əziz soydaşlar! Sizləri bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edir, hər birinizə yeni ildə yeni uğurlar, millətimizə və xalqımıza bütövlük, firavanlıq arzulayıram”

Share: