Şamaxıda qəzaya düşən avtobusda xəsarət alan turistlərin son durumu açıqlandı

Şamaxıda avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan turistlərin durumu açıqlanıb.

 

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

 

Digər şəxsə isə baş-təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub, vəziyyəti stabildir. Hazırda müalicəsi davam etdirilir.

 

14:35

 

“Yerli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində bir qadın və bir azyaşlı yüngül xəsarət alıblar”.

 

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildiriblər.

 

Qeyd edilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.

 

12:55

 

Şamaxı rayonunda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

“Unikal”ın məlumatına görə, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunublar. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə

Share: