“Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır”

Cəlil Xəlilov: “Bu qətnamə Fransanın ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir”

“Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır və onun ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilkatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Senatın bu qətnaməsi Fransanın ədalət anlayışının nə qədər qüsurlu olduğunu göstərir:

“30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının vətənindən didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman Fransanın, birdən-birə Azərbaycanı ittiham etməsi, vaxtı ilə ermənilərin Qarabağda yaratdığı qondarma qurumun müdafiəsinə qalxması tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir. Bu yanaşmanın özü Fransanın ədalət anlayışının nə qədər qüsurlu və təhlükəli olduğunu göstərir.

Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun ökəmizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir.

Senatın qətnaməsi ilə bağlı ən gülünc müddəalardan biri ondan ibarətdir ki, qətnamədən Azərbaycandan “Ermənistan əraizisi”ndən geri çəkilmək və 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək tələb olunur. Halbuki, Azərbaycanın 44 günlük Vətən müharibəsini yalnız öz qanuni dövlət sərhədləri çərçivəsində həyata keçirdiyi, bu müharibədə Ermənistan ərazisinə hər hansı şəkildə müdaxilə edilmədiyi bütün dünyaya məlumdur. Belə olan halda Azərbaycanı “Ermənistan ərazisi”ndən geri çəkilməyə səsləyən Fransa Senatı, bununla dövlətimizi öz tarixi-hüquqi torpaqlardından imtina etməyə səsləyir ki, bu da elementar məntiqdən uzaqdır.

Fransa Senatının məlum qətnaməsi Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanıb. Aydındır ki, Fransa Senatının məlum qətnaməsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə həvəsləndirəcək, qarşıdurma meyillərini gücləndirəcəkdir.

Fransa Senatı unutmamalıdır ki, İkinci Dünya müharibəsi zamanı yüzlərlə azərbaycanlı Fransanın faşistlərdən azad edilməsində yaxından iştirak etmiş, onların bir çoxu öz həyatını qurban vermişdir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun Fransanın azad edilməsində göstərdiyi qəhrəmanlıqlar buna ən parlaq nümunədir. Bu baxımdan Fransa Senatının Azərbaycanla bağlı məlum qətnaməsi Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlıların xatirəsinə hörmətsizlik və tarixi nankorluqdur.

Biz veteranlar olaraq Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini lənətləyir, bunu sülh və təhlükəsizlik, eləcə də hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edirik. Hesab edirik ki, Fransa Senatı onun adına rüsvayçılıq olan bu qətnamədən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsini tətikləməməlidir. Hüququn da, ədalətin də tələbi hamı üçün aydındır və Fransa da hər kəs kimi bu tələbə hörmətlə yanaşmalıdır”.

 

Mənbə

Share: