Türkiyədən mesaj: Sizi məhv edərik!

Bu gün Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında “Pəncə-Qılınc” adlı xüsusi antiterror əməliyyatına start verib.

 

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.

 

Son məlumatlara əsasən, “Pəncə-Qılınc” əməliyyatı nəticəsində İraq və Suriyanın şimalında ümumilikdə 89 hədəf məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

 

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə keçirilən əməliyyat zamanı zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma liderləri də var. Əməliyyatda yerli və milli silah-sursatlardan istifadə edilib.

 

Əməliyyatın əsas məqsədi terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində İraq və Suriyanın şimaldan xalqa və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror hücumlarını aradan qaldırmaqdır.

 

Xüsusi əməliyyat terrorçular tərəfindən Türkiyəyə qarşı hücumların əsas yerləşmələrinin olduğu İraqın şimalında Qəndil, Asos, Hakurk bölgələrində, Suriyanın şimalında isə Arap bulağı, Tel Rıfat, Cizirə və Derik bölgələrinə hücumlar üçün baza kimi istifadə edilən bölgələrdə uğurla reallaşdırılıb.

 

 

“Pəncə-Qılınc” əməliyyatı barədə Modern.az-a danışan Türkiyənin təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, İstanbul terrorundan sonra Ankaranın cavab gözlənilirdi və gecikmədi.

 

“Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyat PKK-nın və onları dəstəkləyən qüvvələrin xəyallarını bir daha puç etdi. ABŞ və onun müttəfiqlərinin müdafiəsi altında olduğunu düşünən PKK psixoloji olaraq məhv oldu. Türkiyə bu əməliyyatda “ABŞ-a baxmayaraq, sizi havada və quruda məhv edə bilərik” mesajını verdi. Hava əməliyyatı ilə PKK-nın hədəfləri məhv edildi. Təbii ki, əməliyyatlar davam edəcək, terror təşkilatının arxasında kimlər durursa, onlar cavab verəcək. Hazırkı əməliyyat PKK/YPG qruplaşmasının İstanbulda, İstiqlal küçəsində törətdiyi partlayışa cavabdır və davamı olacaq”, – deyə tanınmış ekspert vurğulayıb.

 

Qeyd ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub. Hadisə ilə əlaqədar daha 50-dən çox şəxs saxlanılıb.

Mənbə

Share: