Vardanyan hakimiyyətinin 100-cü gününü qeyd etdi

Adətən dövlət başçıları hakimiyyətlərinin 100-cü gününü qeyd edər, hesabat verərlər. Separatçı rejimin lideri də öz hakimiyyətinin 100-cü gününü qeyd etmək üçün Xankəndidə rejimin bütün məmur heyətilə geniş müşavirə keçirib. Hakimiyyətinin 100 gününün 67-ni guya blokada şəraitində keçirdiyini vurğulayan Moskva emissarı bu günlərdə komandasının daha böyük birlik nümayiş etdirdiyini fəxrlə səsləndirib. Blokadanı necə yarıb arada Moskvaya getdiyini dar dairədə desə də müşavirədə bu səfərə toxunmayıb. Vardanyan 35 il əvvəl də ermənilərin Qarabağda mitinqə başladıqlarını və “Dağlıq Qarabağın azad və yalnız erməninin olmalıdır” tələbini yada salıb və erməniləri yenidən mübarizəyə çağırıb. Vardanyanın “mübarizəsi” Azərbaycana, azərbaycanlılara düşmənçiliyidir. Onu bura göndərənlərin təlimatına əsasən düşmən Vardanyan 100 gündə yalnız Azərbaycan ərazisini qoparmaq uğruna bütün radikal addımlarını atır. 100 gündə Moskva ona hər cür şərait yaratdı ki, düşmən sifətini bütün çılpaqlığı ilə göstərsin və sülh danışıqlarına mane olsun. Düz 100 gündür ki, Azərbaycanla Ermənistan arasında danışıqlara “stop” qoyulub. Heç telefon danışığı da yoxdur. Sülh müqaviləsi mətnləri də üçüncü ölkələr vasitəsilə çatdırılır. 

 

100-cü günündə “böhran göstərdi ki, biz çox güclü xalqıq”-deyən “yubilyar” birlik nümayiş etdirdiklərini və bununla da bütün dünya ermənilərinə nümunə və xidmət etdiklərini deməklə, son vaxtlar zəif maliyyə yardımları edən diasporaya işarə vuraraq, siyasi, iqtisadi köməklərini davam etdirməyə çağırıb. Qışın artıq arxada qaldığını, çətinliklərin tezliklə azalacağını deyib, Qarabağ ermənilərinə ürək-dirək verən Kreml casusu yazda işlərini davam etdirəcəklərini, paralel olaraq Azərbaycana beynəlxalq təzyiqi artıracaqlarını və bu təzyiqlərin mütləq nəticəsi olacağı fikirlərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

 

  Ukraynada müharibə getdiyi bir vaxtda Moskva Vardanyan kartı ilə əsasən bizə təzyiq edir ki, vaxt qazansın. Bu, süni zaman uzatmalarını nə vaxtadək müşayət edəcəyik? Ümumiyyətlə, düşmənin və havadarının indi də “sülh mətnləri” adı altında yeni bir oyun başlatdıqlarını görməmək mümkün deyil. Axı, biz Ermənistanı lazım olan yerədək qovub sərhədimizdə dayanmışıq, yalnız Laçın yolundakı sərhəddən başqa, niyə günü sabah burada da sərhəd nəzarətimizi yaradıb, bir müddətə Ermənistanla “sülh mətnləri”, delimitasiya, demarkasiya, Zəngəzur dəhlizi söhbətlərini dayandırıb, Qarabağdan başlamayaq? O zaman Vardanyan Qarabağda hakimiyyətinin neçənci günü olduğunu da yadına sala bilməyəcək. Etməsək.., Vardanyanın sentyabrda hakimiyyətinin 365-ci gününü-birillik yubileyini Zatulin başda olmaqla, Avropa İttifaqı parlamentinin deputatı Bellami, ABŞ konqressmeni Frenk Pallone, İran ayətullahları ilə birlikdə Xankəndidə qeyd edəcəkləri mümkün ola bilərmi? İstisna deyil. Bu gün bizim Laçın yolundakı dinc aksiyamıza məhəl qoymadan istədiyi yerə gedən -gələn, 100-cü günü qeyd edən “arxalı köpək” istədiyi həyasızlığı edə bilər. 

 

 35 il əvvəl başlanan erməni hərəkatına yumşaq yanaşdıq deyə, çox zülmlər yaşadıq. 27 aydan çoxdur ki, müharibə bitib, amma düşmən 35 il əvvəlki hərəkatını yenidən yada salıb iddialarında qaldıqlarını və Xankəndinə sahib olduqlarını fəxrlə dilə gətirirlər. Qalib dövlət məğluba yerini elə göstərməlidir ki, həftənin neçənci günü olduğunu da bilməsinlər, nəinki 100-cü günü qeyd etmələrini. 

 

P.S. Nə səbr qalıbdı, nə də əsəb yerindədi…

 

İlham  İsmayıl

Mənbə

Share: